Xəbərlər
Azərbaycan-Türkiyə əlaqələrinin daha da inkişafı baxımından parlament fəaliyyəti mühüm əhəmiyyət kəsb edir
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Türkiyə Böyük Millət Məclisinin (TBMM) vitse-spikeri Süreyya Sadi Bilgiçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Elmar Məmmədyarov bu səfərin iki ölkə arasında olan qardaşlıq əlaqələrinin inkişafına öz müsbət təsirini göstərəcəyini vurğulayıb.
Süreyya Sadi Bilgiç ölkəmizə səfəri çərçivəsində keçirdikləri görüşləri, xüsusilə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduqlarını məmnunluqla qeyd edib.
Tərəflər Bakıda keçirilən Regional Təhlükəsizlik və Əməkdaşlıq üzrə Parlament Konfransı və Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasının təsis konfransından bəhs edərək, bu təşəbbüsün beynəlxalq parlamentlərarası əməkdaşlığın inkişafına böyük töhfə verəcəyini bildiriblər.
Elmar Məmmədyarov iki qardaş ölkə arasında münasibətlərin daha da irəli aparılması baxımından parlament fəaliyyətini yüksək qiymətləndirib. O, eyni zamanda, parlamentarilər arasında müvafiq beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın önəmini bildirib.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.