Xəbərlər
İsa Həbibbəyli: Orta məktəblər üçün yeni hazırlanan kurikulumlarda proqramlar sadələşdirilib

Təhsil Nazirliyi tərəfindən yeni hazırlanmış "Ümumi təhsil pilləsinin yeni dövlət standartları" layihəsində proqramlar bir qədər sadələşdirilib, mənəvi-dəyərlər nəzərə alınıb.
Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli deyib.
Onun sözlərinə görə, yeni sənəd layihəsində azərbaycançılıq ideyasına xüsusi diqqət yetilir: "Hazırda qüvvədə olan dövlət standartları layihəsi təxminən 10 il əvvəl hazırlanıb və onun yenilənməsinə ehtiyac var. Orada azərbaycançılıq, milli-mənəvi-dəyərlər az nəzərə alınmışdı. Nazirliyin yenidən hazırladığı sənəd layihəsində proqramlar bir qədər sadələşdirilib, mənəvi-dəyərlər nəzərə alınıb, azərbaycançılıq ideyasının təbliğinə xüsusi diqqət verilib".
İ.Həbibbəyli "Təhsil haqqında" yeni qanuna təklif edilən dəyişikliyə - təhsil proqramlarının (kurikulumların) təsdiq edilməsinin dövlətin vəzifələri sırasından çıxarılmasına da münasibət bildirib.
Qeyd edək ki, mövcud "Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları" Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli qərarı ilə təsdiq edilib. "Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları" ilə bağlı yeni sənəd layihəsi Təhsil Nazirliyi tərəfindən hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.