Xəbərlər
Naxçıvanda Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi davam edir
Naxçıvanda “Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi başlayıb.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən Naxçıvan bürosuna bildirilib ki, təlimin ssenarisinə əsasən Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Muxtar Respublikasının güc strukturlarının, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin bölmələri “Həyəcan” siqnalı ilə qaldırılaraq təlim rayonuna çıxarılıb.
Təlimə 5 min nəfərədək şəxsi heyət, 200-dən artıq tank və digər zirehli texnika, 180-ə yaxın müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 21 ədəd təyyarə, helikopter, pilotsuz uçuş aparatı və silahlanmaya yeni daxil edilmiş müxtəlif növ müasir silah və texnika nümunələri cəlb olunub. Təlimin məqsədi qərargahların müştərək döyüş əməliyyatları planlarının hazırlanması, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması və birgə tapşırıqları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaqdır.
“Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi iyunun 11-dək davam edəcək.