Xəbərlər
Sevinc Fətəliyeva: Ermənistanın təxribatçı hərəkətləri münaqişənin sülh yolu ilə həllinə zərbə vurur
“Ermənistanın təxribatçı hərəkətləri, o cümlədən erməni snayperlərindən istifadə olunması münaqişənin sülh yolu ilə həllinə zərbə vurur. Bu baxımdan, real vəziyyət dəyişməz olaraq qalır. Bizim güclü ordumuz var, ordumuz muasir texnika və avadanlığla təchiz olunub. Bütövlükdə, Azərbaycan Ermənistanla müqayisədə hər sahədə böyük dərəcədə üstündür”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.
S.Fətəliyeva qeyd edib ki, torpaqlarımızı işğaldan azad etmək üçün müharibəyə başlamaq heç zaman gec deyil. Amma müharibə itki, fəlakət, dağıntı deməkdir, vaxtilə çox itkilərimiz olub. Yenidən qan tökülməsinin, dağıntıların baş verməsinin tərəfdarı deyilik. Ona görə də, bütün sülh yollarından istifadə etməliyik. Əks halda, biz müharibə yolu ilə torpaqlarımızı azad etməyə həm mənəvi, həm də hərbi nöqteyi nəzərdən hazırıq!
“Bir sözlə, Azərbaycan qətiyyətli mövqeyi, milli maraqları özündə əks etdirən siyasəti ilə mətin addımlarla irəli gedir və heç bir təzyiq bizi qorxutmur, çəkindirmir. Çünki biz müstəqilliyimizin qorunması və dünyada sülhün bərqərar olunması üçün mübarizə aparır və fəaliyyət göstəririk. Bunun üçün hər birimiz bu gün ayıq–sayıq olmalı, ölkəmizə qarşı həyata keçirilən informasiya müharibəsində üstünlüyü əldə verməməliyik. Müstəqilliyimizin qorunması, əbədi olması üçün ölkə rəhbərinin qarşıya qoyduğu vəzifələrin icrasında yorulmadan fəaliyyət göstərməliyik”-deyə, S.Fətəliyeva vurğulayıb.