Xəbərlər
Tahir Süleymanov: Azərbaycanın həyata keçirdiyi enerji siyasəti Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verir
“Azərbaycanın həyata keçirdiyi enerji siyasəti Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verir”. Bu fikri Milli Məclisin deputatı Tahir Süleymanov deyib.
T.Süleymanov bildirib ki, ölkəmizin həyata keçirdiyi qlobal layihələrin əhəmiyyəti bütün dünya tərəfindən təqdir olunur. Onun sözlərinə görə, bugünlərdə Bakıda keçirilən XXVI Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransının açılışında Prezident İlham Əliyev Azərbaycanın enerji siyasəti haqqında dərinməzmunlu nitq söylədi.
“Regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verən Azərbaycanla enerji sahəsində tərəfdaşlıq əhəmiyyətli strateji dividendlər vəd edir. Çünki, Azərbaycanın praqmatik enerji siyasəti regional və qlobal miqyasda enerji təhlükəsizliyinə xüsusi əhəmiyyət verən aparıcı dövlətlər üçün mühüm önəm daşıyır. Digər tərəfdən, Azərbaycanın balanslaşdırılmış xarici siyasət strategiyası regionun siyasi və iqtisadi, həmçinin enerji təhlükəsizliyinin təmin olunmasına birbaşa töhfələr verməkdədir. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Beləliklə, dünya dövlətləri Azərbaycanın siyasi əhəmiyyətini yüksək qiymətləndirir, ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda enerji təhlükəsizliyi sahəsində əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu qəbul edir. Məhz XXVI Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransında ifadə olunan fikirlər də bunu deməyə əsas verir. Bütövlükdə, Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan enerji layihələrinin geostrateji - siyasi və iqtisadi əhəmiyyəti beynəlxalq miqyasda olduqca yüksək qiymətləndirilir. Çünki Azərbaycanın bu sahədə həyata keçirdiyi strateji kurs həm də ölkəmizlə əməkdaşlıq edən dövlətlərin enerji təhlükəsizliyinin, milli maraqlarının təmin olunması baxımından müstəsna əhəmiyyət kəsb edir”-deyə, deputat qeyd edib.