Xəbərlər
Baş nazir Novruz Məmmədov Məkkədə İƏT dövlət və hökumət başçılarının zirvə toplantısında iştirak edir
Səudiyyə Ərəbistanı Krallığının Məkkə şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin dövlət və hökumət başçılarının XIV Zirvə toplantısı keçirilib.
Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Al Səudun sədrliyi ilə keçirilən Zirvə toplantısı “Məkkə Sammiti: Gələcəyə doğru birlikdə gedək” devizi altında təşkil olunub.
Tədbirdə ölkəmizi baş nazir Novruz Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Zirvə toplantısında İslam dünyasının üzləşdiyi müxtəlif problemlər müzakirə olunub. Həmçinin müsəlman azlıqların problemləri, islamofobiya, terrorizm və ekstremizmlə mübarizə və digər siyasi, iqtisadi, mədəni, sosial məsələlər nəzərdən keçirilib.
Toplantının sonunda qəbul edilən Məkkə Bəyannaməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü bir daha pislənib, torpaqların güc yolu ilə istilasının BMT Nizamnaməsinə və beynəlxalq hüquqa zidd olduğu vurğulanıb. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrin Ermənistan tərəfindən dərhal yerinə yetirilməsinin vacibliyi bildirilib. Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal və tam şəkildə, qeyd-şərtsiz çıxarmağa çağırılıb.
Qeyd edək ki, budəfəki Zirvə toplantısı İslam Əməkdaşlıq Təşkilatının yaranmasının 50-ci ildönümünə təsadüf edir. Tədbirdən əvvəl təşkilata üzv ölkələrin xarici işlər nazirləri səviyyəsində hazırlıq iclası keçirilib.
Xatırladaq ki, İƏT-in XIII Zirvə toplantısı 2016-cı il aprelin 14-15-də Türkiyənin İstanbul şəhərində keçirilib.
İslam Əməkdaşlıq Təşkilatı 1969-cu ildə müsəlman ölkələrinin dövlət və hökumət başçılarının Mərakeşin paytaxtı Rabatda keçirilmiş konfransında təsis edilib və hazırda ona 57 dövlət üzvdür. Azərbaycan Respublikası bu nüfuzlu təşkilatın fəal üzvüdür.