Xəbərlər
Azərbaycan Prezidenti: Biz Cənub Qaz Dəhlizi layihəsinin uğurla icra edilməsinə nail olacağıq
Biz Cənub Qaz Dəhlizi layihəsinin uğurla icra edilməsinə nail olacağıq.
Bu sözləri Prezident İlham Əliyev mayın 29-da Bakı Sərgi Mərkəzində XXVI Beynəlxalq “Xəzər Neft və Qaz-2019” sərgi və konfransının, həmçinin IX Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisinin açılışında deyib.
Dövlətimizin başçısı bildirib: “Cənub Qaz Dəhlizinin reallaşması tarixi hadisədir. Bu, nəhəng infrastruktur layihəsi həm ölkəmiz, həm də digər ölkələr üçün böyük əhəmiyyət daşıyır. Cənub Qaz Dəhlizinin reallaşması üçün bir çox önəmli addımlar atılıb və əlbəttə ki, burada beynəlxalq əməkdaşlıq xüsusi yer tutur. Çünki əgər genişmiqyaslı beynəlxalq əməkdaşlıq olmasaydı, bu nəhəng layihəni icra etmək mümkün olmazdı”.
Cənub Qaz Dəhlizinin dörd hissədən ibarət olduğunu bildirən Prezident İlham Əliyev deyib: “Onlardan üçü artıq reallaşıb, dördüncü layihə də uğurla icra edilir. Keçən il TANAP-ın istifadəyə verilməsindən sonra Azərbaycan öz qaz resurslarını xarici bazarlara daha böyük həcmdə ixrac etməyə başlamışdır. Beləliklə, Cənub Qaz Dəhlizinin reallaşması üçün çox önəmli şərait yaradılıb və addımlar atılıb”.
“Biz bu layihənin həyata keçirilməsi üçün Avropa İttifaqı ilə əməkdaşlıq aparırıq. 2011-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında Cənub Qaz Dəhlizi ilə əlaqədar Birgə Bəyannamə qəbul edilmişdir. Bizim təşəbbüsümüzlə hər il Bakıda Cənub Qaz Dəhlizinin Məşvərət Şurası keçirilir. Bu ilin fevral ayında 5-ci toplantı keçirilib. Bu toplantılarda həm görülmüş işlərə yekun vurulur, eyni zamanda, ən önəmlisi odur ki, görüləcək işlər haqqında danışılır. Əlbəttə, biz əminik ki, bu nəhəng layihənin uğurla icra edilməsinə nail olacağıq. Çünki bu gün həm beynəlxalq əməkdaşlıq baxımından, həm də maliyyə resursları baxımından bu layihənin reallaşması üçün heç bir problem qalmır”, - deyə ölkə başçısı qeyd edib.