Xəbərlər
Yohannes Kars: Azərbaycanın həm paytaxtı, həm də bölgələri sürətlə inkişaf edir
Mayın 23-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının Sosial Demokratlar Partiyası fraksiyasının deputatı, Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri Yohannes Karsın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin sədri Oqtay Əsədov bu səfərin əlaqələrimizin inkişafı baxımından əhəmiyyətli olacağına inamını ifadə edib. Bildirib ki, Azərbaycan tərəfi dostluq qruplarının qarşılıqlı səfərlərini yüksək qiymətləndirir.
Ölkələrimiz arasındakı münasibətlərin zəngin tarixindən danışan Oqtay Əsədov deyib ki, 2016-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” Sərəncam imzalayıb. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra münasibətlərimiz yeni məna kəsb edib. Dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri ikitərəfli münasibətlərin inkişafında əhəmiyyətli rol oynayır. Bu günədək Azərbaycanla Almaniya arasında 77 hüquqi sənəd imzalanıb, 14 sənəd isə baxılmaqdadır.
Qeyd olunub ki, iqtisadi sahədə də münasibətlərimiz yüksələn xətlə inkişaf edir. Almaniya Azərbaycanın Avropada ən önəmli siyasi-iqtisadi tərəfdaşlarındandır. Azərbaycan təşəbbüskarı və fəal iştirakçısı olduğu qlobal neft və qaz kəmərləri ilə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında qətiyyətli mövqe nümayiş etdirir. Ölkəmiz Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramının iştirakçısıdır.
Oqtay Əsədov Almaniya Bundestaqında və Milli Məclisdə parlamentlərarası əlaqələr üzrə qrupların fəaliyyət göstərməsinin təqdirəlayiq olduğunu diqqətə çatdırıb.
Dağlıq Qarabağ münaqişəsindən söz açan parlament sədri bildirib ki, münaqişənin tezliklə beynəlxalq hüquq normaları çərçivəsində, ölkələrin ərazi bütövlüyü prinsipi əsasında həlli regionun iqtisadi tərəqqisinə böyük təkan verərdi.
Almaniya Bundestaqının Sosial Demokratlar Partiyası fraksiyasının deputatı, Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri Yohannes Kars ölkəmizə səfərindən və keçirdikləri görüşlərdən məmnun qaldıqlarını qeyd edib. Bildirib ki, o, ölkəmizdə ilk dəfə 1999-cu ildə olub. Budəfəki səfərində müstəqil Azərbaycanın bölgələrinin və paytaxt Bakının sürətlə inkişaf etdiyini müşahidə edib. Bütün bunlar Azərbaycanın dostu kimi onları da sevindirir.
Yohannes Kars qeyd edib ki, Bundestaqla Milli Məclis arasında əməkdaşlığın genişlənməsi ümumi məqsədlərə xidmət edir. Qarşıya qoyulan hədəflərə çatmaq üçün parlament diplomatiyası əhəmiyyətli rol oynayır.
Qonaq Almaniya Bundestaqı sədrinin salamlarını Oqtay Əsədova çatdıraraq, Almaniya parlamentində Azərbaycanın qanunvericilik orqanı ilə əlaqələrin inkişafına böyük maraq olduğunu söyləyib.
Söhbət zamanı tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclis aparatının rəhbəri Səfa Mirzəyev, Almaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Xanlar Fətiyev, ölkəmizin Almaniyadakı səfiri Ramin Həsənov və digər rəsmi şəxslər iştirak ediblər.