Xəbərlər
Sevinc Fətəliyeva: Ölkəmizdə beynəlxalq tədbirlərin yüksək səviyyədə keçirilməsi bütün dünyaya məlumdur
“Azərbaycan hüquqi və demokratik dövlətdir. Ölkəmiz demokratik inkişaf yolunda islahatları ardıcıl olaraq davam etdirir. Eləcə də, Azərbaycanın sosial-iqtisadi inkişafı, transmilli layihələr həyata keçirməklə beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırır. Bütün bunlar isə anti-Azərbaycan mərkəzləri narahat edir”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.
S.Fətəliyeva bildirib ki, müəyyən müddətdir ki Qərbdəki ənənəvi anti-Azərbaycan dairələr ölkəmizə qarşı növbəti çirkin kampaniyaya başlayıblar. Bu dəfəki qarayaxma kampaniyasının mayın 29-da Bakıda keçiriləcək UEFA-nın Avropa liqasının final oyunu olduğunu deyən S.Fətəliyevanın sözlərinə görə, Böyük Britaniyanın Xarici İşlər Nazirliyi də daxil olmaqla bir sıra instansiyalar idmana heç bir aidiyyəti olmayan, qərəzli və reallıqdan uzaq subyektiv mülahizələr irəli sürürlər. Məqsəd isə beynəlxalq ictimaiyyətdə bu mühüm idman tədbirinin Azərbaycanda keçirilməsinin məqsədəuyğun olmadığı barədə rəy formalaşdırmaqdan ibarətdir.
“Amma bütün bu iddiaların heç bir əsası yoxdur. Azərbaycan ictimaiyyəti xaricdəki anti-Azərbaycan dairələrin mühüm tədbirlər ərəfəsində ölkəmizə qarşı belə qərəzli kampaniyalar təşkil etməsinin dəfələrlə şahidi olub. Mühüm enerji və nəqliyyat layihəlırinin reallaşdırılması, qlobal xarakterli tədbirlərin keçirilməsi, 2012-ci ildə Eurovision, 2015-ci ildə Birinci Avropa Oyunları, 2016-cı ildə İslam Həmrəyliyi Oyunları və digər tədbirlər ərəfəsində Azərbaycan süni şəkildə təşkil olunmuş qarayaxma kampaniyasının hədəfi olub. Bu kampaniyalar iflasa uğrayıb. Ölkəmizdə beynəlxalq tədbirlərin yüksək səviyyədə keçirilməsi bütün dünyaya məlumdur. Eləcə də, sabitlik və cinayətkarlığın səviyyəsinə görə Azərbaycan dünyanın ən əlverişli ölkələri ilə bir sırada durur. Azərbyacan sübut edib ki istənilən mötəbər beynəlxalq tədbiri bundan sonra da ən yüksək səviyyədə təşkil etməyə qadirdir. Onu da qeyd edim ki, dünyada ən böyük televiziya izləyicilərinin auditoriyası olan “Formula 1” yarışları bir neçə ildir ki, Bakıda keçirilir və bundan sonrakı bir neçə il ərazində də bu oyunlar Bakıda yüksək səviyyədə təşkil olunur və beynəlxalq ictimaiyyət də bunu yüksək dəyərləndirir. Eləcə də, 2020-ci ildə futbol üzrə Avropa Çempionatı final oyunlarının keçiriləcəyi 13 şəhərin arasında Bakının da adı var. Bu da ölkəmizə göstərilən böyük etimaddır. Bu mənada UEFA Avropa Liqasının final oyunları da yüksək səviyyədə təşkil ediləcək. Bütün bunların fonunda aparılan qərəzli kampaniyalar göstərir ki, xaricdəki maraqlı dairələr Azərbaycanın dünyada nüfuzunun artmasından, onun yüksək səviyyəli iqtisadi, siyasi, humanitar mərkəzə çevrilməsindən çox narahatdırlar. Ona görə də, Avropa Liqasının final oyunu ərəfəsində bu cür kampaniyalar Azərbaycanın beynəlxalq nüfuzunu ləkələmək məqsədi güdür. Lakin bu dəfə də həmin dairələr məqsədlərinə çata bilməyəcək”-deyə, S.Fətəliyeva vurğulayıb.