YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin İsmayılov: Azərbaycanın mötəbər tədbirlərə uğurla ev sahibliyi etməsi bəzi məkrli qüvvələri ciddi şəkildə narahat edir

Mayın 29-da Bakıda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Bütün dünyanın diqqəti paytaxtımıza yönələcək. Lakin Azərbaycanın bu böyük idman yarışına ev sahibliyi etməsi, ümumiyyətlə, ölkəmizdə mötəbər beynəlxalq tədbirlərin uğurla keçirilməsi bəzi məkrli qüvvələri ciddi şəkildə narahat edir. Odur ki, onlar ölkəmizə qarşı çirkin kampaniyaya başlayıblar. Biz bundan əvvəlki illərdə də belə hallarla üzləşmişik. Xüsusilə də “Avroviziya” musiqi yarışması, birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları zamanı Azərbaycana qarşı mərkəzləşdirilmiş hücumların şahidi olmuşuq. Bu hücumların məqsədi Azərbaycanın beynəlxalq imicinə zərər yetirmək, bu tədbirlərin keçirilməsinə kölgə salmaqdır.

Bu sözləri Milli Məclisin deputatı Şahin İsmayılov deyib.

Şahin İsmayılov qeyd edib ki, Böyük Britaniyanın Xarici İşlər Nazirliyi də daxil olmaqla, bir sıra instansiyalar idmana heç bir aidiyyəti olmayan, qərəzli və reallıqdan uzaq subyektiv mülahizələr irəli sürür, beynəlxalq ictimaiyyətdə bu mühüm idman tədbirinin Azərbaycanda keçirilməsinin məqsədəuyğun olmadığı barədə rəy formalaşdırmağa çalışırlar. Bir neçə məqamı xatırlatmaq yerinə düşər. Çox səyahət edən insanlar bilirlər ki, Böyük Britaniyanın paytaxtı London şəhəri dünyanın ən bahalı şəhərləri sırasındadır. Burada nəqliyyat, otellər kifayət qədər bahadır və bu göstəricilərinə görə London dünyada on ən bahalı şəhər sırasındadır. Böyük Britaniya XİN-in açıqlamasında Azərbaycan, onun paytaxtı Bakı şəhərinin səfər etmək üçün çox bahalı şəhər olmasının qeyd edilməsi gülməlidir. Azərbaycan kifayət qədər beynəlxalq tədbirin, xüsusilə də idman yarışlarının keçirildiyi bir ölkədir.

“Azərbaycan böyük təcrübəyə malikdir. Bakı şəhəri artıq dünyada idman tədbirlərinin geniş keçirildiyi şəhərlər sırasındadır. İndiyə qədər heç vaxt Azərbaycanda böyük yarışların keçirildiyi zaman hər hansı təşkilati, kriminal problemə rast gəlinməyib. Həmin yarışlarda onlarla ölkənin nümayəndələri iştirak edib, on minlərlə tamaşaçı olub. Bu yarışların heç birində hər hansı xoşagəlməz hadisənin şahidi olmadıq. Ölkəmiz beynəlxalq tədbirlərə kifayət qədər məsuliyyətlə yanaşır. Bizim bu sahədə çox böyük təcrübəmiz var”, - deyə Milli Məclisin deputatı bildirib.

Ş.İsmayılov qeyd edib ki, son zamanlar Bakıya səyahət edən turistlərin söylədiyi fikirləri nəzərə alsaq, onların razı qaldıqlarını görərik. Azərbaycana gələn turistlər ölkəmizə yenə qayıdırlar. Bu da turizm nöqteyi-nəzərindən ölkəmizin cəlbediciliyini göstərir.

Digər məsələ isə “Arsenal” klubunun erməni əsilli futbolçusu Genrix Mxitaryanın Azərbaycanda guya təhlükəsizliyi ilə bağlı problemlə üzləşə biləcəyi məsələdir. Bu da tam əsassızdır. Avropa Oyunları zamanı erməni əsilli idmançı Ukrayna milli komandasının heyətində fəxri kürsüyə qalxanda Prezident İlham Əliyevin böyük bir jest olaraq mükafatı ona təqdim etməsini xatırlamaq kifayətdir. Erməni əsilli idmançılar hər zaman Bakıda böyük tədbirlərdə, dünya çempionatlarında iştirak ediblər və onların təhlükəsizliyi ilə bağlı hər hansı bir problem olmayıb. Genrix Mxitaryan buraya gələcəyi təqdirdə onun da təhlükəsizliyi ilə bağlı hər hansı bir problem yaşanmayacaq.

“Əfsuslar olsun ki, biz bu cür hallara öyrəşmişik. Ölkəmizin güclənən mövqeyi, uğurları dostlarımızı sevindirir, düşmənlərimizi qıcıqlandırır. Gözügötürməyən qüvvələr ölkəmizdə beynəlxalq tədbirlər keçirilən zaman öz şəbəkələrini işə salaraq Azərbaycana qarşı ciddi qarayaxma kampaniyası həyata keçirmək istəyirlər. Amma əminəm ki, Azərbaycana səfər edəcək və bu futbol yarışının təşkilatçılığından razı qalacaq ingilis azarkeşlər ölkəmizdən xoş təəssüratlarla qayıdacaqlar. İngilis azarkeşlər dünyanın ən çətin azarkeşləri sayılır. Onların müxtəlif ölkələrə səfəri zamanı çoxlu xoşagəlməz halların, hətta bəzən ölüm hadisələrinin də şahidi oluruq. Əminəm ki, bizim aidiyyəti qurumlarımız bu halların yaşanmaması üçün öz peşəkarlığını göstərəcək və bu yarış yüksək səviyyədə keçiriləcək. Azərbaycan idman ölkəsidir. UEFA Avropa Liqasının final oyunu da ən yüksək səviyyədə keçiriləcək”, - deyə deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv