YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Anti-Azərbaycan qüvvələri Əli Kərimlini ölkəmizin inkişafına qarşı “əyləc mexanizmi” kimi istifadə edirlər

Azərbaycan hakimiyyətinin dövlətimizi dünyada baş verən qlobal maliyyə-iqtisadi böhrandan az itkilərlə çıxarması, dinamik inkişafını yenidən təmin etməsi və xalqın maraqlarını müdafiə edərək onun sosial rifah halını daha da yüksəltməsi anti-Azərbaycan dairələrini çox narahat edir. Ona görə də, ölkəmizdə ictimai-siyasi sabitliyi pozmaq, inkişaf proseslərinin qarşısını almaq üçün “beşinci kolon”dan istifadə edirlər.

Bunu Trend-ə Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

S.Vəliyeva bildirib ki, sözügedən prosesdə ictimai rəyi mənfi tonda yükləmək və ölkəmizin əldə etdiyi nailiyyətləri, uğurları ləkələmək, xalqımızın firavan və sakit yaşayışına mane olmaq üçün AXCP-dən və onun sədri Əli Kərimlidən istifadə edilir: “Daha doğrusu, anti-Azərbaycan qüvvələri Əli Kərimlini ölkəmizin inkişafına qarşı “əyləc mexanizmi” kimi istifadə edirlər. Əli Kərimli Avropada və ABŞ-da qrantlar hesabına maliyyələşdirilən Sevinc Osmanqızı, Qənimət Zahid kimi anti-milli ünsürlərin internet kanallarında ona verilmiş tezislər əsasında çıxışlar edir, müəyyən məbləğlər qarşılığında trolların anti-milli fəaliyyətini təşkil edir, erməni mətbuatı və lobbisi ilə sinxron işlər görülür, əsassız və qondarma iddialar üzrə mitinqlərə çağırışlar edilir. Əlbəttə ki, Əli Kərimlinin bu çağırışları hər zaman xalqımız tərəfindən rədd edilir, ona dəstək verilmir. Elə bu səbəbdən də, insanlar dövlətçiliyimizin düşməni olan radikal müxalifəti ciddi şəkildə qınamalı, onlara yerini göstərməlidir”.

Millət vəkili əlavə edib ki, Əli Kərimlinin trol kimi əməyini istismar etdiyi gənclər də artıq onun məqsəd və məramını anlamalıdır: "Cəbhəçi gəncləri itaətsizliyə dəvət edib, onları qanunları pozmağa məcbur edib həbs etdirən, sonra isə onların üzərindən müxtəlif təşkilatlardan qrant, ianə alan Əli Kərimliyə niyə sual etmirlər ki, AXCP sədri, eləcə də Milli Şuranın, digər müxalifət partiyalarının sədrləri insanları mitinqlərə səslədikləri zamanda öz ailə üzvlərini bu mitinqlərdən uzaq tuturlar? Nə üçün sorulmur ki, Əli Kərimlinin oğlu Türkel Kərimli ABŞ-da hansı vəsaitlər hesabına bahalı həyat tərzi sürür? Hansı səbəbdən də Əli Kərimlinin həbsi üzərindən siyasi oyunlar qurduğu gənclər həbsdən azad olunandan sonra onlarla əlaqəni kəsir, yaxud onları düşmən, satqın elan edir? Suallar çoxdur və bu sualların ümumi məntiqi cavabı ondan ibarətdir ki, Əli Kərimlini xalqın maraqları deyil, məhz şəxsi mənafeləri düşündürür”.

DİGƏR Xəbərlər Arxiv