Xəbərlər
Qubernator: Heydər Əliyev Cənubi Qafqazda sülh və əmin-amanlığın banisidir
Azərbaycan xalqının ümummilli lideri, gürcü xalqının da yaxın dostu Heydər Əliyev təkcə Azərbaycanın deyil, bütöv bir regionun xilaskarıdır. Məhz onun gərgin əməyi və məqsədyönlü siyasəti nəticəsində Cənubi Qafqazda sülhə və əmin-amanlığa nail olunub.
Bu fikirləri Gürcüstanın Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili söyləyib.
Qubernator deyib: “Biz hamımız 1990-cı illəri yaxşı xatırlayırıq. Təkcə Azərbaycan deyil, bütün region və sovet respublikaları ağır vəziyyətdə idi. İmperiya qüvvələri hər yerdə qan töküb sabitliyi pozmağa çalışırdı. Həmin illərdə Azərbaycanda hakimiyyətə gələn Heydər Əliyev öz xalqını və regionu xilas etdi. Məhz Heydər Əliyevin sayəsində regionda sülh bərqərar oldu. Eyni zamanda, regionun inkişafının əsası qoyuldu”.
Ş.Rexviaşvili Heydər Əliyev və Eduard Şevardnadzenin birgə səyləri nəticəsində həyata keçirilən irimiqyaslı layihələrin təkcə Azərbaycan və gürcü xalqlarının deyil, Avropanın da enerji təhlükəsizliyində mühüm rol oynadığını qeyd edib.