Xəbərlər
Bahar Muradova: Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlər göstərib
“Ulu ÖndərHeydər Əliyev Azərbaycan xalqının yetişdirdiyi elə bir tarixi şəxsiyyətdir ki, Onun haqqında danışanda yalnız həyatı və fəaliyyəti barədə deyil, dövlət idarəçiliyində təmsil olunduğu və Azərbaycan xalqının mühüm tarixi dövrünü əhatə edən bütöv bir qərinədən bəhs etmək lazım gəlir. Ona görə ki, Ümummilli Lider Heydər Əliyev bütün ömrünü mənsub olduğu xalqa, onun inkişafına, minilliklərin süzgəcindən keçib gələn milli-mənəvi dəyərlərin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə çatdırılmasına həsr edib”. Bu fikirləri yap.org.az saytına müsahibəsində Milli Məclis sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova deyib.
B.Muradova bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlər göstərib. Onun xidmətləri tarixin yaddaşına qızıl hərflərlə yazılıb və bundan sonra mövcud ola biləcək digər siyasi ideologiyalar və ya siyasətçilər bu xidmətləri şübhə altına ala, onlara kölgə sala bilməyəcəklər. Buna cəhd göstərsələr belə, uğursuzluğa düçar olacaqlar.
“Heç şübhəsiz, qətiyyətlə demək olar ki, Heydər Əliyev Azərbaycan xalqının yetişdirdiyi ən böyük dühalardan biridir. O öz fəaliyyəti ilə təkcə böyük şəxsiyyət olduğunu nümayiş etdirməyib, həm də malik olduğu qətiyyət və siyasi iradə sayəsində mənsub olduğu xalqı və qurduğu dövləti dünya miqyasında tanıda bilib. Ona görə də hesab edirəm ki, Azərbaycan xalqı yaşadıqca onun şüurunda, təfəkküründə və yaddaşında Ulu Öndərin özünəməxsus yeri olacaq. Onun xidmətləri zaman-zaman müzakirə predmeti, araşdırma və tədqiqat obyekti olacaq. Gələcək nəsillər, o cümlədən Heydər Əliyev irsinə müraciət edən şəxslər bu irsin zəngin çalarlarını və bütün tərəflərini üzə çıxarmaqla yanaşı, bu şəxsiyyətin zəngin irsindən bəhrələnəcəklər. Ən nəhayət, Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətləri hər zaman minnətdarlıqla xatırlanacaq”-deyə, B.Muradova vurğulayıb.