Xəbərlər
Azərbaycan ilə Belarus arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
Mayın 6-da Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - müdafiə nazirinin birinci müavini, general-mayor Oleq Belokonev ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan ilə Belarus arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində birgə fəaliyyətin nəticələrindən məmnunluq ifadə olunub, bu istiqamətdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Tərəflər Belarusun hərbi-sənaye kompleksi müəssisələrinin istehsal etdiyi bütün qoşun növləri üçün nəzərdə tutulan müxtəlif təyinatlı hərbi məhsulların Azərbaycan Ordusunun silahlanmasına qəbul edilməsini müsbət qiymətləndiriblər.
Görüşdə ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın geniş spektri müzakirə edilərək Azərbaycan Ordusunun döyüş qabiliyyətinin daha da yüksəldilməsinə yönələn yeni böyük layihələrin həyata keçirilməsi istiqamətləri müəyyənləşdirilib.