Xəbərlər
Sahil Babayev: Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr möhtəşəm quruculuq və hərtərəfli inkişaf mərhələləri kimi tariximizə qızıl hərflərlə yazılıb
“Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr möhtəşəm quruculuq və hərtərəfli inkişaf mərhələləri kimi tariximizə qızıl hərflərlə yazılıb. Ulu Öndərin dövlətçilik fəlsəfəsinin əsasını əhalin sosial rifahının gücləndirilməsi, etibarlı sosial müdafiə sisteminin yaradılması təşkil edib”. Bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev irsi və sosial siyasət”mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
S.Babayev bildirib ki, 1995-ci ildə qəbul olunmuş ilk milli Konstitusiyada xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi sosial müdafiəsi, layiqli həyat səviyyəsi ən yüksək səviyyədə bəyan edilib. Onun sözlərinə görə, Ulu Öndərin rəhbərliyi ilə şəhid ailələrinə, müharibə veteranlarına, əlilliyi olan şəxlərə, məcburi köçkünlərə, pensiyaçılara, sosial müavinıət və təqaüd alan şəxlərəiə və digərlərinə dövlət tərəfindən göstərilən sosial müdafiə mexanizmləri ciddi şəkildə gücləndirilib. Təkcə, 1993-2003-cü illərdə maliyyə çətinliklərinə baxmayaraq, pensiya və müavinətlər 8 dəfə, orta aylıq əməkhaqqı 6 dəfə artırılıb. Bu fakt göstərir ki, 10 il ərzində sosial müdafiə sistemində mühüm islahatlar aparılıb və Azərbaycan dövləti sosial sahəyə nə dərəcədə böyük önəm verib.
“Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasəti bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Hazırda sosial sahədə önəmli tədbirlər həyata keçirilir. Bu gün Azərbaycanda müsbət demoqrafik artımın baş verir və ölkə əhalisinin sayı 10 milyon nəfərə çatıb. Hazırda Azərbaycan minimum pensiyanın məbləğinə görə MDB məkanında Qazaxıstanla birlikdə ilk iki yeri paylaşır. Bu da Azərbaycanda həyata keçirilən sosial siyasətinin uğurunu göstərir. Eləcə də, bu il işlə təmin edilməsi nəzərdə tutulan 38 min nəfərin 94 faizi, başqa sözlə 35 730 nəfəri artıq müvafiq işlərə cəlb edilib. Bu ilin birinci rübündə əlilliyin təyinatı halları ötən ilin müvafiq dövrünə nisbətən 55 faiz azalıb. Onu da qeyd edim ki, ölkədə əmək fəaliyyətinin leqallaşdırılması istiqamətində aparılan tədbirlərin səmərəsi ilin sonuna qədər daha da çoxalacaq”-deyə, nazir qeyd edib.