YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazir müavini: Yeni ixtisaslaşmış məhkəmələrin yaradılması ilə bağlı təkliflər hazırlanıb

Azərbaycan Prezidentinin Fərmanında yer almış məhkəməyə müraciət imkanlarının genişləndirilməsi, məhkəmə fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi, şəffaflığının artırılması, məhkəmə qərarlarının vaxtında icra edilməsi, hakimlərin, məhkəmə aparatı işçilərinin sosial müdafiəsi məsələlərinin yaxşılaşdırılması bu gün məhkəmə sistemi üçün taleyüklü məsələlərdir.

Bu fikri Bakıda keçirilən “Azərbaycanda məhkəmə hüquq-islahatları: Azərbaycanda Amerika Ticarət Palatası ilə ictimai müzakirələr” konfransında ədliyyə nazirinin müavini Azər Cəfərov bildirib. O əlavə edib ki, əslində bütün məhkəmə islahatlarının ən vacib nəticəsi məhkəməyə müraciətlərin əlçatanlığının yaxşılaşdırılması ilə bağlıdır.

Nazir müavini bildirib ki, məhkəmələrin insanlara, hüquqi şəxslərə yaxınlaşdırılması üçün son dövrlər xeyli işlər görülüb. Bu gün ölkə ərazisində 6 regional apellyasiya, çoxlu sayda ixtisaslaşmış, o cümlədən 7 inzibati, iqtisadi məhkəmə fəaliyyət göstərir. Bunlara baxmayaraq, ölkədə ixtisaslaşmış məhkəmələrin sayı orta Avropa göstəricisindən 3 dəfə aşağıdır. Fərman bu sahədə islahatların aparılmasını və yeni ixtisaslaşmış məhkəmələrin yaradılmasını nəzərdə tutur. Nazir müavini artıq bununla bağlı müvafiq təkliflərin hazırlandığını diqqətə çatdırıb. Nazir müavini yeni yaradılacaq məhkəmələrdə vergi, gömrük, habelə sahibkarlıq sahəsində yaranan mübahisələrə baxılacağını söyləyib. Əlavə edib ki, bu, belə işlərin daha peşəkar baxılmasına və həll olunmasına gətirib çıxaracaq.

Azər Cəfərov qeyd edib ki, hakimlərin sayının kifayət qədər olmaması onların iş yükünü artırır, məhkəmələrə müraciət imkanlarını məhdudlaşdırır. “Ölkə üzrə onların sayı 2006-cı ildə iki dəfə artırılaraq 600-ə çatdırılıb. Lakin nəzərə almaq lazımdır ki, həmin dövrdən etibarən məhkəmələrdə mülki işlərin sayı 5 dəfə artıb. Beləliklə, bu gün ölkə üzrə 100 min nəfərə düşən hakimlərin sayı 6 olmaqla Avropa göstəricilərindən 3 dəfə azdır”, - deyən nazir müavini hər hakimə ayda yüzdən artıq işə baxmaq kimi yük düşdüyünü əlavə edib. Buna görə də Fərmanda onların sayının 200 nəfər artırılması əhəmiyyətli məsələdir. Bu da ədalət mühakiməsinin səmərəliliyinin artırılması, işlərə baxılması müddətinin azaldılması baxımından önəmlidir.

DİGƏR Xəbərlər Arxiv