YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Süleymanov: Kənd təsərrüfatının inkişafı ərzaq təhlükəsizliyinin təmin edilməsində əsas bazadır

“Hər bir ölkənin iqtisadi, sosial və siyasi həyatında kənd təsərrüfatı çox mühüm əhəmiyyət kəsb edir”. Bu fikri Milli Məclisin deputatı Tahir Süleymanov deyib.

T.Süleymanov bildirib ki, kənd təsərrüfatının inkişafı ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təmin edilməsində əsas bazadır. Hansı ölkə öz əhalisini yerli kənd təsərrüfatı məhsulları ilə təmin edə bilmirsə, o, həmin məhsulları maliyyə ehtiyatları imkan verdiyi səviyyədə xarici ölkələrdən idxal etməklə bu məsələni həll etmək məcburiyyətində qalır. Bu da öz növbəsində həmin ölkəni məhsullarını idxal etdiyi ölkələrin iradəsinə tabe etməklə, həm iqtisadi və həm də siyasi cəhətdən onlardan asılı vəziyyətə salır. Digər tərəfdən kənd təsərrüfatının inkişafı ölkədə kənd təsərrüfatı ilə yanaşı həm də yeyinti, emal, yüngül, maşınqayırma və kimya sənayesinin, habelə ticarət, nəqliyyat və anbar təsərrüfatının və digər sahələrin inkişafını təmin edir.

“Qeyd edim ki, kənd təsərrüfatının ölkənin sosial-iqtisadi əhəmiyyəti çox önəmlidir. Möhtərəm Prezidentimiz İlham Əliyev aqrar sahəni iqtisadiyyatın qeyri-neft bölməsinin prioritet istiqaməti elan etmişdir. Prezident İlham Əliyev Nazirlər Kabinetində keçirdiyi bütün iclaslarda, digər görüş və müsahibələrində dəfələrlə vurğulamışdır ki, ölkənin aqrar siyasətinin əsas məqsədi Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyinin tamamilə yerli istehsal hesabına ödənilməsi və bəzi kənd təsərrüfatı məhsulları və ərzaq mallarının xarici bazarlara Azərbaycan brendi ilə ixracının təmin edilməsidir. Qarşıya qoyulan bu vəzifənin uğurla həyata keçirilməsi üçün keçən 16 il ərzində ölkəmizdə çox böyük əhəmiyyəti olan geniş miqyaslı tədbirlər görülmüşdür. Bu düşünülmüş siyasətin nəticəsidir ki, 2018-ci ildə ilk dəfə olaraq respublikamızda dəyəri 7010 milyon manat olan kənd təsərrüfatı məhsulu istehsal edilmişdir. Keçən il əldə edilmiş ümumi daxili məhsulun(79797 milyon manat) 5,3 faizi və ya 4190 milyon manatı kənd təsərrüfatının payına düşmüşdür. Əldə edilən bu rekord göstəricilər heç də asan başa gəlməmiş, ölkəmizdə elmi əsaslara əsaslanan aqrar siyaəsətin formalaşması və uğurla həyata keçirilməsi sayəsində mümkün olmuşdur. Kənd təsərrüfatı bitkilərinin əkin sahəsi həmin dövr ərzində 37 faiz artaraq 1 milyon 666 min hektara çatmışdır. Hazırda ölkə əhalisinin bir çox ərzaq məhsullarına olan tələbatı yerli istehsal hesabına tam təmin edilir”-deyə, T.Süleymanov vurğulayıb.