Xəbərlər
Musa Quliyev: 2019-cu il həyatımıza sosial müdafiə və sosial rifah ili kimi daxil olub
“Bu gün Azərbaycan Prezidenti İlham Əliyev ölkədə sosial məsələlərin həllini, əhalinin rifahının yüksəlişini prioritet məsələ hesab edir və ölkəmizdə bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir”. Bu fikri Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, 2019-cu il həyatımıza sosial müdafiə və sosial rifah ili kimi daxil olub. Onun sözlərinə görə, bu ilin ilk aylarında sosial sahədə atılan addımlar heç də təsadüfi, hər hansı impulsiv qərar deyil. Bu addımlar planlı, Azərbaycan dövlətinin sosial-iqtisadi inkişafına uyğun, dövlət büdcəsinin imkanlarına, hazırlanan proqramlara uyğun olaraq həyata keçirilir. Son imzalanan sərəncamlar da bir və ya iki ayın işi deyil, onların üzərində aylardır ki, iş gedib.
“Sərəncamlar imzalanmamışdan öncə onların maliyyə tutumluluğu, əhatə edəcəyi əhalinin sayı, inflyasiyaya dayanıqlığı hesablanıb. Bütün bunlar sadə məsələlər deyil, uzun illər görülən, hesablanan işlərin məntiqi nəticəsidir. Prezident İlham Əliyev də bəyan edib ki, 2019-cu il əhalinin sosial müdafiəsi sahəsində xüsusi bir il olacaq. Yəni 2017-ci il iqtisadiyyatımızın sabitləşməsi, 2018-ci il iqtisadi inkişaf, 2019-cu il isə sosial inkişaf və rifah ili kimi xalqımızın tarixinə düşəcək. Azərbaycan Prezidentinin əhalinin sosial müdafiəsi istiqamətində atdığı addımlar xalqın lideri kimi xalqın qayğısına qalmasının əyani nümunəsi və ifadəsidir. Son zamanlar həm sosial müavinətlərin, pensiyaların, təqaüdlərin, minimum əməkhaqlarının artırılması və əhalinin rifahına təsir edən digər qərarların verilməsi də bu baxımdan böyük önəm kəsb edir”-deyə, M.Quliyev vurğulayıb.