Xəbərlər
Sevinc Fətəliyeva: Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində milli maraqlarımız tam təmin edilib
Hər bir ölkənin daxili və xarici siyasətindəki uğur məhz həmin ölkənin dövlət başçısının fəaliyyəti ilə bağlıdır. Bu gün Azərbaycan ümummilli lider Heydər Əliyevin möhkəm təməllər üzərində qurduğu milli inkişaf strategiyası nəticəsində möhtəşəm nailiyyətlər qazanır. Bu nailiyyətlərin qazanılmasının digər bir mühüm səbəbi isə Ulu Öndərimizin müəyyənləşdirdiyi siyasi kursun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir.
Bu fikirləri Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.
Aprelin 11-də cənab İlham Əliyevin növbəti dəfə dövlət başçısı seçilməsinin bir ilinin tamam olduğunu xatırladan S.Fətəliyeva bildirib ki, ötən bir il ərzində Azərbaycanda bütün sahələrdə inkişaf prosesləri baş verib. Bu baxımdan xarici siyasət kursu da uğurla həyata keçirilib və dövlət və milli maraqlarımızı tam təmin edilib. Regionun aparıcı dövləti olan Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarla hərtərəfli münasibətlərin inkişaf etdirilməsinə xüsusi önəm verir. Prezident İlham Əliyevin praqmatik xarici siyasəti nəticəsində ölkəmiz dünyanın yeganə qlobal təşkilatı olan Birləşmiş Millətlər Təşkilatının ən nüfuzlu orqanına - Təhlükəsizlik Şurasına 155 ölkənin dəstəyini qazanaraq qeyri-daimi üzvü olub. Bu da ölkəmizin milli maraqlarını beynəlxalq arenada layiqincə təmsil edilməsinə tarixi şərait yaradıb. Müstəqil Azərbaycan özünün xarici siyasət prinsiplərinə əsaslanaraq, qonşu dövlətlərlə dostluq münasibətlərini qoruyur və onlara qarşı bitərəf siyasətini saxlayır. Digər bir uğur Azərbaycanın daha bir mötəbər təşkilata rəhbərlik etməsidir. Məlumdur ki, 2019-2022-ci illərdə Azərbaycan BMT-dən sonra, dünyada ikinci mötəbər, böyük təşkilat olan, 120 ölkəni öz ətrafında birləşdirən Qoşulmama Hərəkatına sədrlik edəcək. Bu ilin payızında bir sıra ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə Bakı şəhərində Qoşulmama Hərəkatının Zirvə görüşü keçiriləcək. Təbii ki, bu tarixi hadisə Azərbaycanın növbəti diplomatik uğuru kimi qiymətləndirilməlidir.
S.Fətəliyeva deyib ki, xarici siyasətimizin digər prioritet istiqaməti olan beynəlxalq iqtisadi münasibətlərdə Prezident İlham Əliyev tərəfindən davamlı müstəqil və sabit siyasət yürüdülməsi nəticəsində enerji resurslarının dünya bazarına çıxarılmasına, həm enerji resurslarının nəqli üzrə geostrateji əhəmiyyətə malik dəhliz, həm də Avropa ölkələrinin enerji təminatında etibarlı tərəfdaş kimi Azərbaycanın beynəlxalq aləmdə qəbul edilməsinə şərait yaranıb. Bu gün bir çox Avropa rəsmiləri qitənin enerji təhlükəsizliyinin təmin edilməsi və enerji resurslarının şaxələndirilməsində Azərbaycanı vacib ölkə hesab edirlər. Rusiya, Almaniya, Türkiyə, İtaliya və dünyanın digər qabaqcıl ölkələrinin prezident və baş nazirlərinin ölkəmizə səfərləri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə görüşərək mühüm regional və beynəlxalq məsələlər ətrafında müzakirələr aparmaları və müvafiq ikitərəfli razılaşmaların imzalanması beynəlxalq aləmdə Azərbaycana və onun Prezidentinə verilən ən yüksək siyasi qiymətdən xəbər verir.
“Beynəlxalq körpü rolu oynayan ölkəmiz üçün digər mühüm prioritet nəqliyyatdır. Avropa ilə Asiya arasında yerləşən Azərbaycan Avrasiyada aparıcı nəqliyyat qovşaqlarından birinə çevrilmək istiqamətində öz coğrafi mövqeyindən müdrikcəsinə istifadə edir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti Asiyanı və Avropanı birləşdirəcək yeganə qısa və alternativ bir nəqliyyat marşrutu olmaqla yanaşı, Prezidentimizin də dediyi kimi, iqtisadi və siyasi əhəmiyyətinə görə Afrika ilə Asiyanı birləşdirən Süveyş kanalı kimi titanik layihələrlə müqayisə oluna bilər. Avropa İttifaqı, ABŞ və Mərkəzi Asiya dövlətləri tərəfindən dəstəklənən bu layihənin reallığa çevrilməsi məhz Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi və böyük əməyi sayəsində mümkün olub. Bu əməyin nəticəsidir ki, Azərbaycan beynəlxalq səviyyəli tranzit və logistika mərkəzinə çevrilib.
Deputat ötən il Astanada keçirilmiş Xəzəryanı ölkələrin Sammiti zamanı Xəzərin hüquqi statusu ilə əlaqədar sənədin imzalanmasınin da əhəmiyyətini vurğulayıb. Onun fikrincə, bu fakt Azərbaycanın dünyada regional və beynəlxalq səviyyədə ticarət əlaqələrinin inkişaf etdirilməsinə zəmin yaradıb, ölkəmizin qitələr və sivilizasiyalar arasındakı əhəmiyyətini daha da möhkəmləndirib. Prezidenti İlham Əliyev sənədin siyasi və iqtisadi əhəmiyyətinə toxunaraq Xəzər dənizini əməkdaşlıq, sülh və dostluq dənizi adlandırıb. Əlbəttə ki, Prezidentimizin beynəlxalq tədbirlərə üstünlük verməsi, yeni-yeni təşəbbüslər irəli sürməsi, ümumilikdə xarici siyasətimizdə nailiyyətlərin əldə olunması onun uzaqgörən siyasətinin, diplomatik savadının və innovativ düşüncəsinin əyani sübutudur.
S.Fətəliyeva qeyd edib ki, Azərbaycanın xarici siyasətinin əsas prioriteti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaqdan ibarətdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli siyasət nəticəsində diplomatik cəbhədə əhəmiyyətli uğurlar əldə edilib. Azərbaycan tərəfi münaqişənin həlli ilə bağlı bütün görüşlərdə və danışıqlarda siyasi iradə nümayiş etdirərək bu problemin nizamlanması yolunda konstruktiv mövqe sərgiləyib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ölkəmizin qarşıya qoyduğu ən prioritet məsələdir. Ermənistanın hərbi təcavüzü səbəbindən meydana çıxan bu münaqişə nəticəsində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və yeddi ətraf rayon işğal edilib, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olub. Azərbaycan münaqişənin beynəlxalq hüququn normaları əsasında, ədalətli həllinə nail olmaq məqsədilə genişmiqyaslı iş aparır, beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirir. Danışıqlar prosesində ölkəmiz nəinki öz həqiqətlərini dünyaya çatdıra bilib, həm də siyasi, diplomatik, iqtisadi, hərbi sahələrdə işğalçı Ermənistan üzərində aşkar üstünlüyə nail olub. Digər sahələrdə olduğu kimi, ölkənin ərazi bütövlüyü məsələsində də respublika rəhbərliyinin qətiyyətli və birmənalı mövqe sərgiləməsi Ermənistan və bəzi xarici ermənipərəst qüvvələrin müxtəlif qərəzli niyyətlərini dəfələrlə iflasa uğradıb. Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Azərbaycan yeni hakimiyyətdən düzgün qərarlar gözləyir. Ötən bir il ərzində yeni hakimiyyət münaqişənin həlli ilə bağlı ziddiyyətli bəyanatlar verib, danışıqların formatının dəyişdirilməsi barədə fikirlər səsləndirib. Azərbaycan tərəfi isə prinsipial mövqeyini Nikol Paşinyan hakimiyyətinin diqqətinə çatdırıb. Martın 29-da Avstriyanın paytaxtı Vyanada Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında görüşün keçirilməsi bir daha təsdiq edir ki, danışıqların formatı dəyişməz qalır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar yalnız Azərbaycan Respublikası və Ermənistan arasında aparılır. Ermənistan rəhbərliyi bundan öncə danışıqların formatının dəyişdirilməsinə dair məntiqsiz və absurd fikirlər səsləndirərək manipulyasiyaya yol verdi. Amma Azərbaycan buna imkan vermədi, işğalçı ölkə rəhbərliyinin danışıqları pozmaq və məsuliyyətdən yayınmaq cəhdləri baş tutmadı. Bu görüşün keçirilməsi və danışıqların formatının dəyişməz qalması Azərbaycanın növbəti diplomatik uğurudur. Azərbaycanın mövqeyi qəti və birmənalıdır: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalı, Ermənistan qoşunları ölkəmizin işğal olunmuş ərazilərindən çıxarılmalı və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır.
S.Fətəliyeva Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsini də mühüm məqam kimi diqqətə çatdırıb. Onun sözlərinə görə, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu, Dünya Dini Liderlər Forumunu, Mədəniyyətlərarası Dialoq və Bakı Beynəlxalq Humanitar forumlarını və digər mühüm tədbirləri bunlara misal olaraq göstərmək olar. Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstək olmaqdır. Bu məqsədlə ölkəmiz müstəqilliyini bərpa etdiyi vaxtdan etibarən UNESCO ilə sıx əməkdaşlıq münasibətləri qurub və təşkilatın fəaliyyətinə öz töhfəsini verib. Bu ilin 30 iyun–10 iyul tarixində UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakı şəhərində keçirilməsi də məhz bu baxımdan önəmli hadisələr sırasındadır.
S.Fətəliyeva bildirib ki, Prezident İlham Əliyevin fəaliyyəti, o cümlədən son bir il ərzindəki fəaliyyəti xalqımız tərəfindən yüksək qiymətləndirilir. Bu reallığı keçirilən rəy sorğuları da təsdiqləyir. Məlum olduğu kimi, Azərbaycan Respublikasındakı mövcud ictimai-siyasi vəziyyətə, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi islahat kursuna, hökumətin ümumi daxili və xarici siyasətinə ölkə əhalisinin münasibətini öyrənmək məqsədilə Fransanın “Opinion Way” şirkəti tərəfindən də geniş rəy sorğusu keçirilib. Sorğunun nəticələrinə görə, respondentlərin 80,1 faizi ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasını Prezident İlham Əliyevin fəaliyyətinin ən uğurlu nəticəsi kimi dəyərləndirib. Respondentlərin 85,1 faizi Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri müsbət qiymətləndirib. Bu fakt xalqımızın dövlət başçısının fəaliyyətini, həyata keçirdiyi siyasəti birmənalı şəkildə dəstəklədiyini göstərir. Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən bir il də Azərbaycanın tarixinə inkişaf və tərəqqi ili kimi daxil oldu.