Xəbərlər
Professor Akkan Suver: Azərbaycanda böyük uğurların əldə olunması xalqın öz liderinə inamından qaynaqlanır
Ötən bir ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda böyük uğurlar əldə olunub. Bu nailiyyətlərin əsas səbəbi Azərbaycan xalqının öz liderinə olan inamı və dəstəyidir.
Bu fikirləri Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver Prezident İlham Əliyevin bir illik fəaliyyətini şərh edərkən bildirib. Ötən bir ildə Prezident İlham Əliyevin Azərbaycan-Türkiyə münasibətlərinin dinamik inkişafına mühüm töhfələr verdiyini vurğulayan professor dövlət başçısının TANAP və “Star” neft emalı zavodu layihələrinin gerçəkləşməsi üçün möhkəm siyasi iradə nümayiş etdirdiyini diqqətə çatdırıb.
Akkan Suver deyib ki, Azərbaycan Xalq Cümhuriyyətinin və Bakının erməni-daşnak işğalından azad olunmasının 100 illik yubileyləri ilə bağlı dövlət mərasimlərində Azərbaycanın və Türkiyənin eyni sevgi ilə iştirak etməsi iki ölkənin və xalqın əbədi qardaşlığı ilə bağlı dünyaya verilən mühüm mesajdır. Cocuq Mərcanlının müasir standartlara uyğun olaraq yenidən qurulması, vaxtilə burada yaşamış insanların öz doğma yurdlarına qayıtmaları 2016-cı ilin Aprel zəfərindən sonra Azərbaycanın növbəti böyük qələbəsidir. Əlbəttə ki, Azərbaycan xalqı bütün bunları yüksək dəyərləndirir və öz liderinin ətrafında möhkəm birləşir. Dövlət başçısı xalqın dəstəyinə və inamına söykənərək ölkədə sosial-iqtisadi inkişafı uğurla davam etdirir. Bu günlərdə Fransanın peşəkar tədqiqat mərkəzlərindən biri olan “Opinion Way” şirkətinin Azərbaycan Prezidentinin son 1 il ərzindəki fəaliyyəti ilə bağlı çoxsaylı respondentlərin iştirakı ilə keçirdiyi sorğunun nəticələri də Azərbaycan xalqının öz Prezidentinə olan inamını, dəstəyini bir daha sübut etdi.