Xəbərlər
Müdafiə naziri Zakir Həsənov Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov ilə görüşüb
Aprelin 10 –da müdafiə naziri, general-polkovnik Zakir Həsənov Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov ilə görüşüb.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan ilə Rusiya arasında hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Tərəflər əməkdaşlıq planına əsasən iki ölkənin müdafiə nazirliklərinin nümayəndə heyətləri arasında işçi görüşlərinin, birgə təlimlərin keçirilməsi, Xəzər dənizində iki ölkənin hərbi gəmilərinin qarşılıqlı səfərlərinin təşkili və digər məsələlər barədə fikir mübadiləsi aparıblar.
Diplomat Rusiyanın Azərbaycanda yeni təyin olunan hərbi attaşesi polkovnik Andrey Aleksensevi general-polkovnik Z.Həsənova təqdim edib.
Müdafiə naziri yeni təyin olunan hərbi attaşeni Azərbaycanda fəaliyyətə başlaması münasibətilə təbrik edib, ona hərbi sahədə ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyətində uğurlar arzulayıb.