Xəbərlər
Hikmət Babaoğlu: Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının mənafeyi və rifahı dayanır
“Dövlət başçısı ilə vətəndaşlar arasında inam, etimad və etibar olduqda cəmiyyət, eyni zamanda, dövlət də inkişaf edir. Biz bunu Azərbaycanın nümunəsində bariz şəkildə müşahidə edirik. Bunun başlıca səbəbi, heç şübhəsiz ki, Prezident tərəfindən həyata keçirilən siyasət və onun xalq tərəfindən dəstəklənməsidir. Hakimiyyət-xalq vəhdəti buradan ortaya çıxır. Bunu zəruri edən şərtlər çoxdur və həmin şərtlər Azərbaycanda təmin olunub. Bunun hüquqi, sosial, iqtisadi əsasları var. Ancaq bu planda önə çıxan, ilk növbədə, Azərbaycan vətəndaşının rifahıdır, onun həyat keyfiyyətinin yaxşılaşdırılmasıdır ki, bu siyasət daim Azərbaycan Prezidenti tərəfindən həyata keçirilib və bu gün də davam etdirilir”. Bu fikirləri yap.org.az saytına müsahibəsində “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
H.Babaoğlu bildirib ki, Bakının Kürdəxanı qəsəbəsində 810 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksinin aprelin 5-də istifadəyə verilməsi dövlətin qaçqın və məcburi köçkünlərə yüksək diqqət və qayğısının daha bir nümunəsidir. Təkcə 2018-ci ildə 5903 məcburi köçkün ailəsi yeni mənzillərə köçürülüb. Ümumilikdə, bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli üçün indiyədək 7,1 milyard manat vəsait xərclənib. Açılan yeni iş yerləri nəticəsində məcburi köçkünlər arasında yoxsulluq həddi son 15 ildə 75 faizdən 12 faizədək azalıb.
“Bütövlükdə, reallaşdırılan kompleks xarakterli tədbirlər göstərir ki, Azərbaycan dövləti həmişə vətəndaşlarının yanındadır. Ümumiyyətlə, ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının mənafeyi və rifahı dayanır. Xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara, o cümlədən qaçqın və məcburi köçkünlərə dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilməsi də bu baxımdan xüsusi əhəmiyyətə malikdir”-deyə, H.Babaoğlu vurğulayıb.