Xəbərlər
Malik Həsənov: Azərbaycanda qaçqın və məcburi köçkünlər dövlətin yüksək qayğısı ilə əhatə olunublar
“Azərbaycanda nümunəvi sosial siyasət həyata keçirilir. Bu siyasətin fərqli cəhəti odur ki, ölkə vətəndaşları dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunublar. Ölkəmizdə əhalinin rifah halının daha da yaxşılaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov deyib.
Onun sözlərinə görə, Bakının Kürdəxanı qəsəbəsində 810 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksinin aprelin 5-də istifadəyə verilməsi dövlətin qaçqın və məcburi köçkünlərə yüksək diqqət və qayğısının bariz nümunəsidir. Millət vəkili qeyd edib ki, məcburi köçkünlərin problemləri kompleks şəkildə öz həllini tapır. Məcburi köçkünlərin sosial şəraitinin mütəmadi olaraq yaxşılaşdırıldığını deyən M. Həsənov əlavə edib ki, bu kateqoriyadan olan insanlara dövlət tərəfindən verilən sosial dəstək artır: “Qaçqın və məcburi köçkünlər üçün indiyədək 3,5 milyon kvadratmetr yaşayış sahəsi olan müasir qəsəbələr və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. Ötən il 5903 məcburi köçkün ailəsi yeni mənzillərə köçürülüb. Ümumilikdə, bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli üçün indiyədək 7,1 milyard manat vəsait xərclənib”.
Milli Məclisin deputatı əlavə edib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə bu istiqamətdə həyata keçirilən tədbirlər də mühüm əhəmiyyətə malikdir: “Artıq Qaradağ rayonunda 1026 məcburi köçkün ailəsi üçün yaşayış kompleksi inşa edilib. Abşeron rayonunun Masazır, Mehdiabad, həmçinin Sabunçu rayonunun Ramana qəsəbələrində 470 mənzil məcburi köçkünlərə təqdim edilib. Bundan başqa, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən alınan 465 mənzilə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisindəki Təcili Tibbi Yardım Stansiyasının yarımçıq binasından məcburi köçkün ailələri köçürülüb. Sumqayıtdakı 1005 məcburi köçkün ailəsi üçün inşa olunmuş yaşayış binalarının da açılışı olub. Bütün bunlar qaçqın və məcburi köçkünlərə olan yüksək qayğının, onların problemlərinin həlli istiqamətində məqsədyönlü tədbirlərin uğurla davam etdirilməsinin göstəricisidir. Bir sözlə, Azərbaycanda qaçqın və məcburi köçkünlər dövlətin yüksək qayğısı ilə əhatə olunublar”.