Xəbərlər
Elman Məmmədov: Aprel döyüşlərində Azərbaycanda yüksək döyüş, mübarizə ruhu, Ermənistanda isə məğlubiyyət, acizlik ruhu özünü göstərdi
Prezident İlham Əliyev hərbçilərlə görüşündə çox mühüm məqamlara toxundu və orduda böyük ruh yüksəkliyi yaratdı.
Bunu Milli Məclisin deputatı Elman Məmmədov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində hərbçilərlə görüşündə səsləndirdiyi fikirləri şərh edərkən deyib.
E.Məmmədov bildirib ki, Azərbaycan Prezidenti görüş zamanı aprel döyüşlərinə xüsusi toxunaraq qeyd etdi ki, bu döyüşlər zamanı qazanılan uğurlar vəziyyətə kimin nəzarət etdiyini sübut etdi: "Aprel döyüşləri Azərbaycan Ordusunun üstünlüyünü, ordu-xalq birliyini, Silahlı Qüvvələrimizin çox yüksək döyüş qabiliyyətinə malik olduğunu sübut etdi. Eyni zamanda, aprel döyüşləri həm Lələtəpə, həm də Talış istiqamətində Qarabağ müharibəsi tarixində bir dönüş nöqtəsi oldu".
Millət vəkili əlavə edib ki, Aprel zəfəri həm Azərbaycanda, həm düşmən dövlətdə psixoloji duruma çox ciddi təsir etdi: "Aprel döyüşlərində Azərbaycanda yüksək döyüş, vətənpərvərlik əhvali-ruhiyyəsi, mübarizə ruhu, Ermənistanda isə məğlubiyyət, acizlik ruhu özünü göstərdi. Hesab edirəm ki, aprel döyüşləri torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparacağımız uğurlu döyüşlərin başlanğıcının əsasını qoydu”.
O xatırladıb ki, aprel döyüşlərindən müəyyən müddət sonra isə Azərbaycan Ordusu Naxçıvanda Günnüt kəndi istiqamətində çox mühüm strateji yüksəkliklərə sahib oldu və bu gün çox mühüm ərazilərə nəzarət edir: “Bu uğurlar getdikcə artacaq və bizi son böyük qələbəyə, böyük qayıdışa doğru aparacaq. Çünki bu gün Azərbaycanın güclü ordusu var və hər zaman torpaqlarımızı erməni işğalından azad etməyə hazırdır”.