Xəbərlər
Aleksandr Lukaşenko: Azərbaycan-Belarus münasibətləri müsəlman və xristian dövlətləri arasındakı əlaqələrin nümunəsidir
Azərbaycan-Belarus münasibətləri müsəlman və xristian dövlətləri arasındakı əlaqələrin nümunəsidir.
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko ictimaiyyət nümayəndələri, ekspertlər, Belarus və xarici KİV nümayəndələri ilə görüşü zamanı səsləndirib.
A.Lukaşenko qeyd edib ki, iki ölkə arasında heç bir problem yoxdur:
"İlham Əliyevin bir zəngi, mənim ona bir zəngim bəsdir ki, məsələlər həll olunur. Bu, dövlət rəhbərləri arasında şəxsi münasibətlərə və bu münasibətlərin dövlətlərarası əlaqələrə təsirinə nümunədir".
Daha sonra A.Lukaşenko Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə xoş, dostluq münasibətlərindən danışıb: "Mən hələ gənc prezident idim, o isə artıq təcrübəli, böyük şəxsiyyət idi. Mən mühazirələr oxuyanda, Heydər Əliyevi nümunə gətirirdim. O, Sovet İttifaqının ən vicdanlı rəhbərlərindən biri idi. Və bizim onunla dostluq münasibətlərimiz yarandı".
Belarus Prezidenti əlavə edib: "Bizim İlham Əliyevlə qətiyyən heç bir problemimiz yoxdur, baxmayaraq ki, o, GUAM-da olub. Aİ və ABŞ bizə sanksiyalar tətbiq edəndə onun öhdəlikləri var idi. Biz sanksiyalar altında idik. O, heç yerdə susmurdu və Belarusu Saakaşvilinin etdiyi kimi müdafiə edirdi. Bilmirəm, xoşunuza gələcək, ya yox, amma o, Belarus üçün döyüşürdü. Aİ-də, ABŞ-da hamını inandırırdı: "Siz Belarusu tanımırsınız, Belarus Prezidentini tanımırsınız. Niyə onlara təzyiq edirsiniz, niyə sıxırsınız və sairə və ilaxır". Bizim diplomatik, siyasi məsələlərdə bu cür münasibətlərimiz var".
İqtisadiyyata gəldikdə isə, A.Lukaşenko təəssüflə qeyd edib ki, müvafiq logistika olmadığına görə Belarus Azərbaycandan neft ala bilmir:
"Amma Azərbaycanın ticarət üçün başqa məhsulları var. Azərbaycan çox zəngin ölkədir".
Prezident vurğulayıb ki, Belarus Azərbaycanda birgə istehsalat yaradır, ölkəyə neft-kimya, neft emalı sahələrində kömək edir. Belarus Prezidenti onu da əlavə edib ki, iki ölkə Ermənistanın tənqidlərinə baxmayaraq, hərbi-sənaye kompleksində əməkdaşlıq edir:
"Mən azərbaycanlıların Belarusa münasibətini bilirəm. Daha yaxşısı ola da bilməz. Qoy, bu münasibətlər qorunub saxlansın. Baxmayaraq ki, biz pravoslav xristianıq, onlar isə müsəlman, bizə qardaş kimi yanaşırlar. Dini mənsubiyyət bizə mane olmur. Bu, xristian dövləti ilə müsəlman dövləti arasındakı münasibətlərin nümunəsidir. Ümumiyyətlə, mənim bəxtim gətirib: bütün dünyada müsəlmanlar mənə də, Belarusa da çox yaxın münasibət göstərir və tez-tez kömək edirlər".