YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Allahşükür Paşazadə: Azərbaycanın işğal olunmuş ərazilərində dini abidələrin dağıdılması dinlərarası qarşıdurma təhlükəsinə yol aça bilər

"Bütün problemlərin fövqündə duran sülh probleminin həm qlobal, həm də lokal miqyasda həllində dövlətlərin, ictimai və dini qurumların birgə əməkdaşlığı səmərəli nəticə verə bilər. Qafqaz regionunun həllini tapmayan problemlərindən biri də Azərbaycanın 20 ildən artıq üzləşdiyi - ərazisinin 20 faizinin erməni ekstremistləri tərəfindən işğal olunması və bir milyon insanımızın etnik təmizləmə siyasətinə məruz qaldığı Qarabağ münaqişəsidir. İşğal olunmuş ərazilərimizdə müsəlman, xristian və yəhudi dini abidələri dağıdılıb. Bu isə dinlərarası qarşıdurma təhlükəsinə yol aça bilər".

Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən "ABŞ-Azərbaycan: gələcəyə baxış" Forumunun "Dialoqun möhkəmləndirilməsi - tolerantlığın təşviq olunması" mövzusundakı IV sessiyasında çıxışı zamanı deyib.

Bütün Qafqazın şeyxi qeyd edib ki, Azərbaycan bütün səmavi dinlərin ardıcıllarının bir araya gəldiyi, qovuşduğu nadir məkanlardan biridir. Mühüm mövqedə yerləşən Azərbaycanda müxtəlif etnik və dini icmalar arasında milli, irqi, dini ayrı-seçkiliyə heç bir zaman yol verilməyib, bütün xalqlar, müxtəlif dinlərə mənsub insanlar sülh və əmin-amanlıq şəraitində yaşayıblar: "Çoxmillətli və çoxkonfessiyalı Azərbaycanın böyük bir tarixi mərhələsi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Tolerantlığı yüksək mədəniyyətin təzahürü kimi dəyərləndirən ulu öndərimizin və onun siyasi xəttini ləyaqətlə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi ilə Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi, dini etiqad azadlığının təminatı, dini-mənəvi dəyərlərin qorunması, müsəlman, xristian, yəhudi və başqa dinlərə məxsus məbədlərin bərpası və təmiri sahəsində böyük uğurlara nail olunub".