Xəbərlər
Prezident İlham Əliyev: Azərbaycan xalqına xidmət etmək mənim üçün böyük şərəfdir
Azərbaycan xalqına xidmət etmək mənim üçün böyük şərəfdir. Prezident kimi həmişə çalışmışam ki, xalqıma ləyaqətlə xidmət edim, Azərbaycanın hərtərəfli inkişafına təkan verim.
Bu sözləri Prezident İlham Əliyev şəhid ailələri ilə görüşdə bildirib.
Prezident vurğulayıb ki, bu gün Azərbaycan dünya miqyasında sürətlə, uğurla inkişaf edən dövlətlərdən biridir. Ölkəmizin iqtisadi, hərbi potensialı güclənir. Uğurlu iqtisadi siyasət nəticəsində Azərbaycan bu gün çox böyükmiqyaslı sosial layihələri icra edə bilir. Əgər bizim maliyyə imkanlarımız olmasaydı, maddi vəziyyətimiz pis olsaydı, biz bu layihələri, bu təşəbbüsləri irəli sürə bilməzdik.
“Ölkəmizin iqtisadi inkişafı, maddi vəziyyətin yaxşılaşdırılması imkan verir ki, biz bir çox sosial layihələri icra edək. Biz yüzdən çox şəhərciyi öz pulumuzla tikmişik, 6650 şəhid ailəsinə mənzil verilib. Bütün şəhid ailələri mənzillərlə təmin olunacaqlar, ardıcıllıqla, artıq proqram tutulur”, - deyə dövlətimizin başçısı bildirib.