Xəbərlər
Sona Əliyeva: 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi milli-mənəvi sərvətimizə verilən dəyərin, hörmət və ehtiramın yüksək göstəricisidir
“Prezident İlham Əliyevin 2019-cu ili ölkəmizdə “Nəsimi ili” elan etməsi milli-mənəvi sərvətimizə verilən dəyərin, hörmət və ehtiramın yüksək göstəricisidir”. Bu fikri Milli Məclisin deputatı Sona Əliyeva deyib.
S.Əliyeva bildirib ki, dövlət başçısının sərəncamı Azərbaycanın zəngin tarixi-mədəni irsinin qorunmasına və təbliğinə çox böyük töhfədir. Onun sözlərinə görə, uzun illərdən bəri elmi-ədəbi fikrin diqqət mərkəzində olan, milli-mədəni sərvətlər xəzinəsində özünəməxsus yer tutan Nəsimi irsi bundan sonra daha geniş şəkildə araşdırılacaq. Xüsusilə, incəsənətin bir çox janrlarında Nəsimi mövzusunda yeni-yeni əsərlərin meydana gəlməsinə təkan verəcək.
“Dövlət başçısının sərəncamında qeyd olunduğu kimi, İmadəddin Nəsimi bədii və fəlsəfi fikir tariximizdə dərin iz qoymuş mütəfəkkir şairdir. Onun yaradıcılığı insanların mənəvi əxlaqi cəhətdən kamilləşməsində müstəsna rol oynayır. Bütün zamanlarda olduğu kimi, indi də İmadəddin Nəsiminin zəngin irsi hər bir insanı anladır ki, mənəvi-əxlaqi idealları qorumaq, yaşatmaq və inkişaf etdirmək lazımdır. İmadəddin Nəsiminin zəngin irsi bir neçə cəhətdən daha çox diqqət mərkəzində olmalıdır. Məhz bu cəhət Sərəncamda xüsusi olaraq qeyd edilib. Bu da ondan ibarətdir ki, İmadəddin Nəsimi yaradıcılığı Şərq xalqlarının zəngin sərvətlər xəzinəsindən biridir. Bu xəzinə uzun illər ədəbiyyatşünasların, dilçilərin, filosofların, tarixçilərin diqqət mərkəzində olub. Hər dəfə onun araşdırıcıları şərq, təbii ki, türk xalqlarının ədəbi-bədii və fəlsəfi düşüncəsinin nə qədər dərin, qədim, özünəməxsus olduğunu üzə çıxarıb, geniş təbliğ etsələr də, yenə də böyük söz ustasının təbliğinə, tədqiqinə, zaman-zaman ehtiyac yaranıb. Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında Sərəncamı bir daha İmadəddin Nəsimi irsinin böyük əhəmiyyət kəsb etdiyini təsdiqləyir”-deyə, S.Əliyeva vurğulayıb.