Xəbərlər
Politoloq: Ermənistan imitasiyadan əl çəkməli, danışıqları sürətləndirməli və bunlar nəticəyə yönəlik olmalıdır
“ATƏT Minck Qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Paris görüşü barədə yaydığı bəyanat onların məqsədyönlü fəaliyyətinin daha da qətiləşdiyini və genişləndiyini göstərir. Bəyanat yeni keyfiyyət vəziyyətinə şərait yaradan yanaşmanı ortalığa qoyur”. Bu fikirləri politoloq Mübariz Əhmədoğlu deyib.
M.Əhmədoğlu bildirib ki, nəticəyə yönəlmiş intensiv danışıqlara şərait yaradan atmosferin dəstəklənməsi tezisində iki məsələ var. Onun sözlərinə görə, Ermənistanın danışıqlar üçün konstruktiv mühitin olmaması ilə bağlı “narahatlığı” həmsədrlər tərəfindən qəbul edilmir.
“Ermənistan imitasiyadan əl çəkməli, danışıqları sürətləndirməli və bunlar nəticəyə yönəlik olmalıdır. Məcburi köçkün və qaçqınların ilkin yaşayış məskənlərinə, mədəni abidələrə, məzarlıqlara baş çəkməsi, o cümlədən Bakıda vaxtilə yaşamış ermənilərin öz ata-babalarının məzarlıqlarına baş çəkməsi kimi ideyalar çoxdan mövcuddur. Amma bunlar Ermənistanın tutduğu destruktiv mövqeyi nəticəsində reallaşmadı. Dağlıq Qarabağın erməni və azərbaycanlı icması nə qədər tez dialoq quracaqlarsa Dağlıq Qarabağ dinc tənzimlənməsi də o qədər sürətlənəcək. Həmsədrlər xarici işlər nazirləri ilə birlikdə indiki danışıqlar prosesinin əsas prinsip və parametrlərinin müzakirəsi dedikdə çox böyük ehtimalla Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılması, həmin ərazilərə məcburi köçkünlərin qayıtmasına hazırlanması və Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılması nəzərdə tutulur”-deyə, politoloq qeyd edib.