Xəbərlər
Strasburq Universitetində 20 Yanvar hadisələrinə həsr edilmiş konfrans keçirilib
Strasburq Universitetinin Türk Araşdırmaları Departamenti və Fransada Təhsil Alan Azərbaycanlı Tələbələr Assosiasiyasının (ASEAF) birgə təşkilatçılığı ilə Strasburq Universitetində 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar konfrans təşkil edilib.
Konfransda həmin təhsil ocağının müəllim və tələbə heyəti iştirak edib.
Konfransda çıxış edən Türk Araşdırmaları Departamentinin direktoru, professor Stefan Dö Tapia və ASEAF-ın sədri Fərid Əliyev Qanlı Yanvar faciəsinin Azərbaycan tarixində qəhrəmanlıq və şəhidlik zirvəsi kimi müstəsna əhəmiyyətindən söz açıblar. Bu konfransın Strasburq Universitetində təhsil alan tələbələri Qanlı Yanvar mövzusu üzrə araşdırmalar aparmağa təşviq edəcəyinə əminliklərini bildiriblər.
Konfransda məruzə ilə çıxış edən Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Fəxrəddin İsmayılov 20 Yanvar faciəsinin Azərbaycanın müasir tarixində ən dəhşətli və unudulmaz səhifələrdən biri və ölkəmizi müstəqilliyə aparan yolda əsas dönüş nöqtəsi olduğunu diqqətə çatdırıb. Sovet rəhbərliyinin əmri ilə törədilmiş bu qanlı cinayətin müəlliflərinin məqsədlərinə çatmadığını və xalqımızın iradəsini sındırmağa nail olmadığını vurğulayıb. 20 Yanvar hadisələrinin Sovet İttifaqının süqutunu sürətləndirdiyini, Azərbaycanın müstəqillik qazanmaq niyyətini daha da möhkəmləndirdiyini bildirib.
F.İsmayılov bildirib ki, ümummilli lider Heydər Əliyev 20 Yanvar hadisələrindən dərhal sonra Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək xalqımıza qarşı törədilmiş bu ağır cinayətə qarşı kəskin bəyanatla çıxış edib.
Çıxışlardan sonra Qanlı Yanvar hadisələrindən bəhs edən video və foto şəkillər nümayiş etdirilib. Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.