Xəbərlər
İlham Məmmədov: Prezident İlham Əliyevin göstərdiyi diqqətin nəticəsində regionlarımızda səhiyyə sahəsi əhəmiyyətli dərəcədə inkişaf edib
“Son 15 ildə səhiyyə sahəsində mühüm yeniliklər, islahatlar həyata keçirilib. Qaradağ rayonunun Qobustan qəsəbəsində 17 saylı birləşmiş şəhər xəstəxanasının açılışı da bu yeniliklərdən biridir”. Bu fikirləri Milli Məclisin deputatı İlham Məmmədov deyib.
İ.Məmmədov bildirib ki, Prezident İlham Əliyevin göstərdiyi diqqətin nəticəsində regionlarımızda səhiyyə sahəsi əhəmiyyətli dərəcədə inkişaf edib. Onun sözlərinə görə, ölkəmizin bütün bölgələrində mərkəzi xəstəxanalarla yanaşı, diaqnostik mərkəzlər ən müasir avadanlıqlarla təchiz olunub.
“Tibb ocaqlarının yüksək səviyyəli texniki təchizatla təmin olunması Azərbaycan insanının sağlamlığının qorunmasına xidmət edir. İnsan sağlamlığının qorunması Azərbaycanda həyata keçirilən siyasətin prioritetini təşkil edir. Görülən işlər nəticəsində bu gün Azərbaycan vətəndaşları xəstəliyinin müayinəsi, diaqnostikası üçün artıq xarici ölkələrə üz tutmur. Azərbaycan səhiyyəsi inkişaf etdiyi üçün buna ehtiyac da yoxdur. Ölkəmizin səhiyyə sahəsində ən müasir təchizatla yanaşı kadr potensialına da böyük önəm verilir. Azərbaycanda təhsil alan tələbələr sonradan təcrübələrini xaricdə artırıb yenidən ölkəmizə qayıdaraq fəaliyyətlərini davam etdirirlər. Bu gün səhiyyə sistemimiz dünya standartlarına uyğun səviyyədədir. Bütün işlər vətəndaşlarımızın sağlam həyat tərzinə xidmət edir”-deyə, İ.Məmmədov vurğulayıb.