Xəbərlər
Məlahət İbrahimqızı: Qazanılan nailiyyətlər 2019-cu ildə ölkəmizin daha böyük uğurlar əldə etməsi üçün ciddi baza yaradır
“Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ötən ilin uğurları ilə bağlı mühüm faktlar diqqətə çatdırıldı”. Bu fikri Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı deyib.
M.İbrahimqızı bildirib ki, ötən il qazanılan nailiyyətlər yeni başlayan 2019-cu ildə ölkəmizin daha böyük uğurlar əldə etməsi üçün ciddi baza yaradır. Onun sözlərinə görə, Azərbaycanın iqtisadi-siyasi uğurlarını əsaslandıran amillər möhkəm siyasi sabitliyin olması, iqtisadiyyatın şaxələndirilməsi ilə əhatəli islahatların həyata keçirilməsidir.
“Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət ölkəmizin dayanıqlı iqtisadi yüksəlişini təmin etməkdədir. 2018-ci ildə ölkəmizin sosial-iqtisadi inkişafı uğurla davam edib, iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli irəliləyişlərə nail olunub, əhalinin rifah halının daha da yüksəldilməsi təmin edilib, ictimai-siyasi sabitlik tam təmin olunub, ölkəmizin beynəlxalq nüfuzu daha da yüksəlib, əməkdaşlıq etmək istəyən ölkələrin sayı artıb”-deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.