Xəbərlər
Pərvin Kərimzadə: “Nəsimi ili” mənəviyyatımıza, ədəbiyyatımıza olan böyük qayğının təzahürüdür
“Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin "Nəsimi ili" elan edilməsi Azərbaycanın öz milli-mənəvi, tarixi dəyərlərinə, görkəmli şəxsiyyətlərinə, klassik ədəbiyyat irsinə yüksək qiymət verdiyini daha dir təzahürü oldu. Şərq xalqlarının yaddaşında həqiqət naminə, fikir azadlığı yolunda qəhrəmanlığın rəmzi kimi əbədiləşən Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustadının dünyaya tanıdılması baxımından ölkədə “Nəsimi ili” elan edilməsi təqdirəlayiq hadisədir”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.
P.Kərimzadə bildirib ki, ölkə Prezidenti İlham Əliyevin sərəncamları ilə illərin konkret məsələlərə həsr edilməsi artıq ənənə halını alıb. Onun sözlərinə görə, 2016-cı il “Multikulturalizm ili”, 2017-ci il “İslam həmrəyliyi ili”, 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilib. İl ərzində mövzu ilə bağlı çoxsaylı tədbirlər, toplantılar, konfranslar, forumlar həyata keçirilib, geniş müzakirələr aparılıb. 2019-cu ildə isə il konkret məsələyə deyil, tarixi şəxsiyyətə həsr olunur.
“Prezident İlham Əliyev böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyini nəzərə alaraq 2019-cu ili ölkəmizdə “Nəsimi ili” elan edib. Ölkə başçisinin bu addımı atması heç də təsadüfi deyil. “Multikulturalizm ili”ndə öz milli-mənəvi, tarixi dəyərlərini dünya ictimaiyyətinə çatdırmaq şansı əldə edən Azərbaycan “İslam həmrəyliyi ili”ndə həm İslam dünyasında, həm də bütün dünyada həmrəylik nümunəsinə çevrildi. “Azərbaycan Xalq Cümhuriyyəti İli”nin layiqincə qeyd edilməsi tariximizə, keçmişimizə böyük ehtiramın təcəssümü oldu. Qüdrətli söz ustadı Nəsimi isə dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm edib. Mütəfəkkir şairin dərin poetik fikirləri, fəlsəfi görüşləri bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına qüvvətli təsir göstərib. Əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm edən sənətkarın cəsarətli, həqiqətpərəstliyi, qorxmazlığı tərənnüm edən əsərləri 650 il sonra da öz aktuallığını qoruyub saxlayır, bəşəriyyətin mütərəqqi ideyaları, idealları ilə üst-üstə düşür. Ölkə Prezidenti İlham Əliyev 2019-cu ili “Nəsimi ili” elan etməsi mənəviyyatımıza, ədəbiyyatımıza olan böyük qayğı ilə yanaşı, azad ruhlu şairin dünyada məhz Azərbaycan şairi kimi tanınmasına böyük təkan olacaq”-deyə, deputat qeyd edib.