YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Bütün diplomatik cəbhələrdə uduzan Ermənistanın təcrid vəziyyəti getdikcə dərinləşir

Prezident İlham Əliyev yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ötən ilin ölkəmiz üçün uğurlu olduğunu, dünyada və bölgəmizdə gedən proseslərdən asılı olmayaraq, Azərbaycanın uğurla, sürətlə inkişaf etdiyini, keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələrin icra olunduğunu, ölkəmizin hərtərəfli dinamik inkişafının təmin edildiyini diqqətə çatdırdı. Dövlətimizin başçısı, həmçinin xarici siyasətdə, beynəlxalq müstəvidə əldə edilən uğurlardan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın qətiyyətli mövqeyindən, prinsipial siyasətindən bəhs etdi. Dövlətimizin başçısı keçən il Ermənistanda böyük dəyişikliklərin baş verdiyini, iyirmi il hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş kriminal xunta rejiminin süqut etdiyini də vurğuladı.

Azərbaycan Prezidentinin Nazirlər Kabinetinin iclasındakı çıxışını  şərh edən Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva bildirib ki, Ermənistanı 20 il ərzində idarə etmiş kriminal, hərbi xunta rejiminin çökməsi bir sıra məqamlara yenidən aydınlıq gətirmiş oldu. Əvvəla, bu, Azərbaycanın Ermənistanı regionda bütün geostrateji layihələrdən təcrid etmək siyasətinin nəticəsi və Ermənistanın işğalçılıq siyasətinin iflası idi. Ermənistan regionun lider dövləti olan, Avrasiyanın yeni nəqliyyat və enerji xəritəsini yaradan Azərbaycanın təşəbbüsü və liderliyi ilə gerçəkləşdirilən bütün layihələrdən kənarda qalıb. Bütün diplomatik cəbhələrdə uduzmaqda davam edən bu ölkənin bölgədə təcrid vəziyyəti getdikcə dərinləşir. Ona görə də Ermənistanın yeganə çıxış yolu işğalçı siyasətdən əl çəkməkdir. Digər məqam ondan ibarətdir ki, işğalçı ölkədə keçirilən növbədənkənar parlament seçkilərində Sarkisyan rejiminin tərəfdarları seçki baryerini belə aşa bilmədilər. Bu, vaxtilə Serj Sarkisyan hakimiyyətinin qeyri-legitim olduğunu, Sarkisyanın seçkiləri saxtalaşdırmaq yolu ilə hakimiyyətə gəldiyini bir daha göstərdi, eyni zamanda, müxtəlif beynəlxalq təşkilatların ikili standartlar siyasətini ifşa etmiş oldu. Avropa Parlamenti, Avropa Şurası kimi demokratik dəyərlərdən, ədalətdən danışan qurumlar isə ikili standartlara söykənərək obyektiv münasibət ortaya qoymamışdılar. Həmin qurumlarda təmsil olunan azərbaycanlı deputatlar dəfələrlə bu barədə məsələ qaldırmışdılar, lakin sözügedən təşkilatlar Serj Sarkisyan hakimiyyətinin qeyri-legitim olduğunu qəbul etmirdilər. Bu, ikili standartlara əsaslanan qeyri-obyektiv yanaşmanın bariz ifadəsi idi. Eyni zamanda, bu, sözügedən təsisatların erməni lobbisindən çirkli maliyyə almasının, Sarkisyan rejiminin yürütdüyü “konyak diplomatiyası” vasitəsilə müşahidə missiyalarının, müvafiq institutların ələ alınmasının nəticəsi idi. Yəni, işğalçı Ermənistana rəhbərlik edən kriminal rejim rüşvət vasitəsilə bir sıra siyasətçiləri satın alaraq seçki saxtakarlıqlarına, digər antidemokratik proseslərə görə tənqid və qınaq obyektinə çevrilməkdən xilas olmuşdular. Bu, qeyri-leqal və korrupsioner fəaliyyətin, işbirliyinin göstəricisidir. O səbəbdən bu məsələ müvafiq beynəlxalq təsisatlar tərəfindən ciddi şəkildə araşdırılmalı, kriminal rejimə öz dəstəyini vermiş “siyasətçi”lər məsuliyyətə cəlb edilməlidirlər.