Xəbərlər
Mübariz Qurbanlı: 2018-ci ildə Prezident İlham Əliyevin siyasətində tolerant və multikultural dəyərlərin əhəmiyyətli yer tutduğuna bir daha şahid olduq
“2018-ci ildə Prezident İlham Əliyevin siyasətində tolerant və multikultural dəyərlərin əhəmiyyətli yer tutduğuna bir daha şahid olduq. Ölkə rəhbərliyinin dəstəyi ilə 2018-ci ildə də müxtəlif xarici ölkələrdə Azərbaycanın multikultural dəyərlərinin təbliği və təşviqi ilə əlaqədar beynəlxalq konfranslar keçirilib ki, bu tədbirlər coğrafi olaraq çox geniş ərazini əhatə edib. İspaniya, Avropanın müxtəlif ölkələri, Almaniya və başqa ölkələrdə təşkil edilən tədbirlərdə Azərbaycanın multikultural dəyərləri ətraflı şəkildə insanlara çatdırılıb. Dövlətimizin başçısı İlham Əliyevin dəstəyi ilə reallaşan beynəlxalq tədbirlər insanların multikulturalizm və tolerantlıq ruhunda maarifləndirilməsinə, dünyada sülhün və əməkdaşlığın təşviqinə mühüm töhfə verib. Ölkə rəhbərinin bu istiqamətdə atdığı addımlar, söylədiyi fikirlər, verdiyi qərarlar bütün İslam dünyasında geniş əks-səda doğurmaqla bərabər, bizə gələcək fəaliyyətimizdə böyük stimul verir və verməkdədir”. Bu fikirləri Dini Qurumlar üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə Azərbaycan mədəniyyətinin inkişafı, milli-mənəvi dəyərlərimizin qorunması, İslam dininə hörmət və ehtiramın güclənməsi, başqa dinlərə qarşı dözümlülüyün daha da möhkəmləndirilməsi sahəsində xeyli iş görülüb. Onun sözlərinə görə, dövlət başçımız İslam mədəniyyəti ilə bağlı tarixi-memarlıq abidələrinin, məscid və ziyarətgahların, müqəddəs dini ibadət və inanc yerlərinin təmiri və bərpası ilə bağlı bir sıra sərəncam və fərmanlar imzalayıb.
“Ölkəmizdə mövcud olan digər dinlərin nümayəndələri də dövlət başçımızın diqqət və qayğısından kənarda qalmırlar. Dövlətin tolerantlıq prinsiplərinə yanaşmasını dini konfessiyalara, müxtəlif dinlərin nümayəndələrinə münasibətində, din sahəsini ehtiva edən qanunvericilik bazasının möhkəmləndirilməsində də açıq şəkildə görmək mümkündür. Siyasətində insan amilinə böyük dəyər verən cənab İlham Əliyevin İslam ölkələrinin həmrəyliyi, eləcə də mədəniyyətlər və dinlər arasında harmoniyaya nail olunması istiqamətində atdığı addımları xüsusilə qeyd etmək lazımdır. Sivilizasiyalararası, dinlərarası dialoqu dərinləşdirən, ayrı-seçkilik, ksenofobiya hallarına düzgün qiymət verilməsini şərtləndirən tədbirlərin keçirilməsi, bütün dinlərin nümayəndələrinə bərabər şəraitin yaradılması ölkə rəhbərinin bu sahədəki siyasətinin ana xəttini təşkil edir”-deyə, M.Qurbanlı vurğulayıb.