Xəbərlər
“L’Opinione”: Dağlıq Qarabağın azərbaycanlı icmasının regionun hüquqi statusunun müəyyənləşdirilməsi prosesində iştirak etməyə qanuni haqqı var
Uzun müddət davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində mühüm dəyişikliklər müşahidə olunur.
Trend-in məlumatına görə, bu barədə İtaliyanın aparıcı KİV-lərindən olan “L’Opinione” qəzetində dərc olunan məqalədə deyilir.
Məqalədə bildirilir: "Ötən il dekabrın ortalarında Bakıda Dağlıq Qarabağın azərbaycanlı icmasının qurultayı keçirilib və orada Azərbaycan Xarici İşlər Nazirliyinin gənc əməkdaşı Tural Gəncəliyev icmanın rəhbəri seçilib. Bu xəbər regionun icmaları üçün böyük əhəmiyyət kəsb edir, çünki münaqişənin həllində yeni diplomatik mexanizmlərdən istifadə oluna bilər".
Qeyd olunur ki, Tural Gəncəliyev əslən Qarabağdandır, Azərbaycan musiqisinin beşiyi Şuşada anadan olub və öz uşaqlığını məşhur Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin ev-muzeyinin yaxınlığında keçirib. Bu ab-hava onun Şuşada musiqi təhsili almasına səbəb olub. 1992-ci ildə Şuşanın işğalından sonra T.Gəncəliyev Bakıya köçüb və musiqi təhsilini davam etdirib, lakin o, peşəkar musiqiçi olmayıb və Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bakalavr və magistr dərəcəsi üzrə təhsil alıb. 2004-cü ildə Xarici İşlər Nazirliyinin Təhlükəsizlik problemləri idarəsində diplomatik karyerasına başlayıb, daha sonra isə Azərbaycanın Kanada və Çexiyadakı səfirliklərində, XİN yanında Şimali və Cənubi Amerika şöbəsində işləyib. 2017-ci ildə T.Gəncəliyev Avstriyanın paytaxtı Vyanada ATƏT-in himayəsi altında keçirilən "İnsan hüquqları və məcburi köçkünlər" konfransında Dağlıq Qarabağın azərbaycanlı icmasını təmsil edib.
Məqalədə T.Gəncəliyevin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri təyin edildikdən sonra ilk bəyanatı təqdim edilir: "Mən 1992-ci ildən məcburi köçkünəm. Mən öz hüquqlarımdan istifadə edərək anadan olduğum Şuşaya və uşaqlığımı keçirdiyim evə qayıtmaq istəyirəm".
Daha sonra T.Gəncəliyevin öz "Facebook" səhifəsində Şuşanın erməni silahlı birləşmələri tərəfindən dağıdılmış musiqi məktəbinin xarabalıqlarının şəkilləri ilə müşayiət olunan yazısı təqdim edilir: "Mən burada musiqi təhsili alaraq öz uşaqlığımı keçirmişəm. Biz Azərbaycanın bütün dağıdılmış irsini qaytaracağıq və bərpa edəcəyik".
Nəşr vurğulayır ki, o, yeni vəzifəsinin icrasına başlayarkən bildirib: "Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində mahiyyət etibarilə Serj Sarkisyan rejiminin davamı olan kriminal xunta yaradılıb. Orada yaşayan erməni əhalisi, yəni Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması qondarma xunta rejiminin işğalı altındadır, onlar total nəzarət altında saxlanılır və bütün hüquqlardan məhrum ediliblər. Ermənistan əhalisi bu ilin aprelində başlayan kütləvi etiraz aksiyaları vasitəsilə Sarkisyan rejimini hakimiyyətdən saldı. Dağlıq Qarabağda baş verən son hadisələr onu göstərir ki, əhali bu qondarma kriminal rejimdən bezib".
Məqalədə bildirilir ki, gənc diplomatın ilk məqsədi bölgənin erməni və azərbaycanlı icmalarının danışıqlara bərabər çıxışını təmin etmək məqsədilə azərbaycanlı icmanın rolunu və tələblərini gücləndirməkdir.
Sonra T.Gəncəliyevin yeni vəzifəsinin icrasına başlayarkən verdiyi açıqlamanın davamı təqdim edilir: "Danışıqlar prosesində Ermənistan və Azərbaycan münaqişə tərəfləri, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları isə maraqlı tərəflər kimi müəyyən olunub. Dağlıq Qarabağın azərbaycanlı icmasının legitim və ayrılmaz hüquqları bərpa olunmadan, o cümlədən onların öz doğma torpaqlarına qayıtması təmin olunmadan münaqişənin ədalətli və davamlı həlli mümkün deyil. Serj Sarkisyan rejimi hər vəchlə iki icma arasında dialoqun yaradılmasına mane olurdu və imkan vermirdi. Hesab edirik ki, bərabərhüquqlu tərəflər olan bu icmalar arasında Azərbaycanın sərhədləri daxilində sülh şəraitində gələcək birgəyaşayış təşviq olunmalıdır".
Qeyd edilir ki, Dağlıq Qarabağın azərbaycanlı icmasına gənc peşəkar diplomatın rəhbərlik etməsi faktı o deməkdir ki, Azərbaycan regionun erməni və azərbaycanlı icmalarının danışıqlara bərabər çıxışının təmin edilməsində icmanın rolunu gücləndirmək istəyir: "Dağlıq Qarabağın statusunun müəyyən edilməsində yalnız erməni tərəfinin mövqeyi əsas kimi götürülə bilməz".
Məqalədə vurğulanır ki, etnik təmizləmə nəticəsində regionu tərk etmək məcburiyyətində qalan Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının regionun hüquqi statusunun müəyyənləşdirilməsi prosesində iştirak etməyə qanuni haqqı var: "Bu hüququ tanımadan münaqişənin qlobal və ədalətli həlli yolunu tapmaq mümkün deyil. Ermənistan danışıqlarda Dağlıq Qarabağ ermənilərinin hüquqlarını daim vurğulayır. Erməni icmasının hüquqları Dağlıq Qarabağın azərbaycanlı icmasının hüquqları hesabına təmin edilə bilməz. İnsanın hüquqları başqa insanın hüquqlarına zərər vurmaqla təmin edilə bilməz, eləcə də etnik qrupun hüquqları digər etnik qrupun hüquqlarına zərər vurmaqla təmin edilə bilməz. Bu, beynəlxalq hüquq və insan hüquqlarının əsasıdır".