Xəbərlər
MM-in deputatı: Azərbaycanın strateji layihələri beynəlxalq imicinin daha da güclənməsində mühüm əhəmiyyət kəsb edir
“2018-ci ildə Azərbaycan beynəlxalq miqyasda bir neçə istiqamətdə mövqelərini daha da gücləndirdi. Ölkəmiz ötən dövr ərzində çox şaxəli əməkdaşlıq sisteminin formalaşmasında çox fəal işlər görüb”. Bu Milli Məclisin deputatı Asim Mollazadə deyib.
A.Mollazadə bildirib ki, Azərbaycanın strateji layihələri beynəlxalq imicinin daha da güclənməsində mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, enerji sahəsi üzrə ölkəmiz tərəfindən həyata keçirilən TANAP layihəsi, TAP-ın həyata keçməsi üçün görülən böyük işlər, bununla yanaşı nəqliyyat sistemi ilə bağlı Şərq-Qərb, Şimal-Cənub dəhlizlərinin formalaşdırılması ölkəmizin ortaq maraqlar formalaşdıran mərkəzə çevirib.
“Bu da Azərbaycanın nüfuzunu daha da artırır, ölkəmizlə əməkdaşlıq dünya üçün cəlbedici olmaqla yanaşı, iqtisadi, siyasi, mədəni sahədə böyük marağa səbəb olur. Azərbaycanın mədəniyyətlərin əməkdaşlığına böyük önəm verir. Bakı bunun nəticəsində sivilizasiyalar, dinlərarası əməkdaşlıq mərkəzinə çevrilib. Təbii ki, bütün bunlar ölkəmizin nüfuzunun artmasına xidmət edən məsələlərdir”-deyə, deputat qeyd edib.