Xəbərlər
Rusiyalı ekspert: Xəzərdə enerji və təhlükəsizlik məsələlərini Azərbaycansız nəzərdən keçirmək mümkün deyil
Xəzərdə təhlükəsizlik sistemi və enerji layihələri məsələlərini Rusiyanın mühüm tərəfdaşı olan Azərbaycansız nəzərdən keçirmək mümkün deyil. Bu sözləri Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya, Qafqaz, Ural-Volqaboyunu Öyrənmə Mərkəzinin elmi əməkdaşı, tarix elmləri namizədi Stanislav Pritçin özünün “Rusiya Xəzərdə: optimal strategiya axtarışında” kitabının təqdimatında söyləyib.
S.Pritçin deyib: “Kitabın bütün fəsillərində Azərbaycan bilavasitə regional iştirakçı, istər ikitərəfli, istərsə də beştərəfli formatda Rusiyanın mühüm tərəfdaşı kimi göstərilir”. Hazırda Rusiya-Azərbaycan münasibətlərinin yüksək inkişaf nöqtəsinə çatdığını vurğulayan alim deyib: “Azərbaycan Prezidenti İlham Əliyevin Soçiyə səfərindən, Rusiya Prezidenti Vladimir Putinin isə sentyabrın sonunda Azərbaycana səfərindən sonra demək olar ki, Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədədir. Həyata keçirdiyimiz bütün layihələri, o cümlədən “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizini və Rusiya şirkətlərinin iştirakı ilə Xəzərdə yataqların birgə işlənməsini Rusiya-Azərbaycan münasibətlərində yeni mərhələ adlandırmaq olar”.
Xəzər dənizinin statusu haqqında Konvensiyanın imzalanmasını Xəzər regionunda ciddi nailiyyət adlandıran ekspert deyib: “Konvensiyanın imzalanması regional təhlükəsizlik və regional əməkdaşlıq sistemi nöqteyi-nəzərindən çox böyük nailiyyətdir, uzunmüddətli sərmayələr yatırmaq üçün regiona proqnozlaşdırılan, sabit və təhlükəsiz yer kimi baxmağa imkan verir”.
Konvensiyanın imzalanmasının regionda turizmin inkişafını da sürətləndirəcəyini diqqətə çatdıran S.Pritçin bildirib: “Xəzəryanı ölkələr birgə turizm, azad ticarət zonasının yaradılması məsələsini artıq çoxdan müzakirə edirlər. Bu, elə bir zonadır ki, bir kruiz gəmisində vahid viza ilə Xəzəryanı dövlətlərin beşinə də getmək mümkün olacaq. Düşünürəm ki, indi siyasi səviyyədə razılaşma əldə olunduğu və laynerin təməli qoyulduğu üçün məsələ uzun illər sürən nəzəri müzakirələrdən sonra praktiki müstəviyə keçir. Biz yaxın günlərdə Xəzərdə buna bənzər turizm layihələrinin həyata keçiriləcəyini gözləyirik”.