Xəbərlər
Hadi Rəcəbli: Yeni iş yerlərinin açılması vətəndaşların məşğulluğunun təmin olunmasında vacib rol oynayır
“Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev Ulu öndərimizin müəyyənləşdirdiyi siyasəti uğurla davam etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafın Azərbaycan modeli formalaşıb və sosial inkişaf məsələləri də dövlət siyasətinin prioritetləri sırasındadır. Dövlət başçısının vurğuladığı kimi, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”. Bu fikirləri yap.org.az. saytına Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.
H.Rəcəbli bildirib ki, ölkəmizdə həyata keçirilən sosial siyasətin başlıca məqsədlərindən biri cəmiyyətin başlıca sosial problemlərindən olan yoxsulluğun səviyyəsinin azaldılmasıdır. Ötən dövrdə iqtisadiyyatin sürətli inkişafı yoxsulluğun səviyyəsinin azaldılması üçün geniş imkanlar açdı. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkədə yoxsulluğun səviyyəsi azaldı. Bu baxımdan, hazırda ölkəmizdə yoxsulluğun səviyyəsinin 5 faiz civarında olması yüksək göstəricidir.
“Əhalinin rifahının yaxşılaşması yalnız maaşların, pensiya və müavinətlərin artması ilə yekunlaşmır. Respublikamızda aparılan sosial siyasətin məzmunu vətəndaşların sosial vəziyyətinin yaxşılaşması ilə bərabər, onların məşğulluğunun artırılması, daha yaxşı yaşamaları üçün əlavə pul gəlirləri əldə etməsindən ibarətdir. Son illərdə bu istiqamətdə atılan bütün addımlar konkret olaraq cəmiyyətin sosial qayğılarının təmin olunmasına əhəmiyyətli baza formalaşdırıb. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları davamlı iqtisadi inkişafı səviyyəsinin yüksəlməsi ilə yanaşı, yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun təmin edilməsinə və son nəticədə insanların maddi rifah halının yaxşılaşmasına əhəmiyyətli dərəcədə təsir göstərib. Son illərdə Azərbaycanda minlərlə yeni müəssisə istifadəyə verilib ki, bunların da böyük əksəriyyəti rayonların payına düşür. Həmin müəssisələrdə və digər istehsal və xidmət sahələrində iş yeri ilə təmin olunan vətəndaşların sayı isə yüz minlərlə ölçülür. Bu amil vətəndaşların məşğulluğunun təmin olunmasında vacib rol oynayır”-deyə, komitə sədri vurğulayıb.