Xəbərlər
Prezident İlham Əliyev Naftalan şəhərində olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 17-də Naftalan şəhərinə səfərə gəliblər.
Dövlətimizin başçısı və xanımı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Naftalan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydular.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Qarabağ SPA and Resort” otel kompleksinin açılışında iştirak etdilər.
Dövlətimizin başçısı otelin rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, 13 hektardan çox sahəsi olan kompleksin əhəmiyyətini artıran mühüm cəhətlərdən biri onun yerləşdiyi ərazidə çoxsaylı istirahət məkanlarının olmasıdır. Helikopter meydançasının olduğu kompleksdə 8 kilometr uzunluğunda gəzinti yolları və geniş yaşıllıq zolaqları salınıb. SPA terapiya üsullarına geniş yer verilən oteldə 132 otaq var. Digər mühüm cəhət burada çalışanların böyük əksəriyyətinin yerli işçilər olmasıdır.
Prezident İlham Əliyev otelin əməkdaşları ilə görüşdü.
Sonra xatirə şəkli çəkdirildi.
Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva elektromobillərlə otelin ərazisini gəzdilər.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Naftalan Hotel by Rixos” otelinin yeni korpusunda yaradılan şəraitlə tanış oldular.
Məlumat verildi ki, 2013-cü ilin aprelinədək “Qaşaltı” sanatoriyası adı altında fəaliyyət göstərən oteldə keçən il yenidənqurma işləri aparılıb.
Sağlamlıq Mərkəzi Korpusunda Naftalan terapiyası ilə yanaşı, SPA terapiya, fizioterapiya və reabilitasiya, o cümlədən fitnes bölmələri fəaliyyət göstərir. Oteldə su prosedurları korpusu da yaradılıb. Yaxın gələcəkdə burada müasir rentgen, ultrasəs müayinəsi, stomatologiya, urologiya, kardiologiya, laboratoriya, hərəkət orqanları və dəri xəstəlikləri şöbələri fəaliyyət göstərəcək.