YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Birinci Xəzər İqtisadi Forumu 2019-cu ildə Türkmənistanda keçiriləcək

Türkmənistan Birinci Xəzər İqtisadi Forumunu keçirməyə hazırlaşır.

Tədbirə hazırlıq məqsədi ilə dövlət başçısının sərəncamına müvafiq olaraq təşkilat komitəsi yaradılıb. Ənənəyə görə, hər il avqustun 12-də Xəzər Dənizi Günü qeyd edilir. Forum da 2019-cu ilin elə həmin günündə “Avaza” Milli Turizm Zonasında keçiriləcək. Bu barədə Prezident Qurbanqulu Berdiməhəmmədova Türkmənistan hökumətinin iclasında Baş nazirin müavini Rəşid Meredov məlumat verib.

Birinci Xəzər İqtisadi Forumuna hazırlıq işlərini təmin etmək üçün Xarici İşlər Nazirliyində əlaqələndirmə mərkəzi yaradılacaq. Forumun keçirilməsi konsepsiyasının layihəsi baxılması üçün Türkmənistan liderinə təqdim edilib.

Prezident Qurbanqulu Berdiməhəmmədov vurğulayıb ki, Xəzər regionu ölkələri ilə səmərəli əməkdaşlığı inkişaf etdirmək Türkmənistanın xarici siyasət kursunun prioritet vektorları sırasındadır.

Regional və regionlararası geosiyasi və geoiqtisadi proseslərdə Xəzər dənizinin strateji əhəmiyyəti, onun mühüm tranzit-nəqliyyat və logistik qovşaq rolu Xəzəryanı dövlətlərin səylərinin daha sıx birləşdirilməsini zəruri edir. Bu məsələyə toxunan Prezident Qurbanqulu Berdiməhəmmədov Baş nazirin müavini, xarici işlər nazirinə Birinci Xəzər İqtisadi Forumunun keçirilməsinə kompleks hazırlıq üzrə tapşırıqlar verib.

Birinci Xəzər İqtisadi Forumunun 2019-cu ildə Türkmənistanda keçirilməsi barədə Prezident Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısının yekun sənədində əks olunub.