Xəbərlər
Teodor Meleşkanu: Rumıniya-Azərbaycan əməkdaşlığının mövcud regional imkanlar vasitəsilə möhkəmləndirilməsi vacibdir
Rumıniyanın xarici işlər naziri Teodor Meleşkanu ilə Azərbaycanın bu ölkədəki səfiri Hüseyn Nəcəfov arasında görüş keçirilib.
Görüşdə Hüseyn Nəcəfov Rumıniya xarici işlər nazirinə etimadnaməsinin surətini təqdim edib.
Həmsöhbətlər Rumıniya və Azərbaycan arasında ikitərəfli münasibətlərin müsbət yöndə inkişaf etməsi, hər iki ölkənin iştirakı ilə Avropa İttifaqı və regional səviyyədə gələn il keçiriləcək tədbirlər haqqında fikir mübadiləsi aparıblar.
Teodor Meleşkanu Azərbaycanın Cənubi Qafqazda Rumıniya üçün yeganə strateji tərəfdaş ölkə olduğunu qeyd edib. Rumıniya ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlığın mövcud regional imkanlar vasitəsilə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. Nazir Xəzər Dənizi-Qara Dəniz Beynəlxalq Nəqliyyat Marşrutu layihəsinin həyata keçirilməsində Rumıniyanın maraqlı olduğunu qeyd edib və cari ildə “Azərbaycan Respublikası hökuməti və Rumıniya hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiya”nın 5-ci iclasının keçirilməsindən məmnunluğunu bildirib. Teodor Meleşkanu Rumıniyanın 2019-cu ilin birinci yarısında Avropa İttifaqı Şurasına sədrliyi nöqteyi-nəzərdən Aİ çərçivəsində iki ölkə arasında əməkdaşlıq imkanlarının artacağını diqqətə çatdırıb.
Səfir Hüseyn Nəcəfov Rumıniyanın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən olduğunu qeyd edərək, ölkələrimiz arasında tarixboyu əlaqələrin yaxşı olmasından, Azərbaycan-Rumıniya siyasi əlaqələrinin yüksək səviyyəsindən bəhs edib. O, ölkələrimiz arasında strateji tərəfdaşlıq zəminində iqtisadi əlaqələrin səviyyəsinin də siyasi əlaqələrin səviyyəsinə çatdırılmasının əhəmiyyətini vurğulayıb, əlaqələrimizin daha da inkişaf etdirilməsi baxımından yüksək səviyyəli qarşılıqlı səfərlərin mütəmadi olaraq həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.
Sonda Teodor Meleşkanu Hüseyn Nəcəfova müvəffəqiyyətlər arzulayıb və Rumıniyada fəaliyyətinin həyata keçirilməsində Xarici İşlər Nazirliyinin tam dəstək verəcəyinə əmin olmasını bildirib.
Səfir H.Nəcəfov, öz növbəsində, Rumıniya xarici işlər naziri T.Meleşkanuya bir daha təşəkkürünü bildirib, ölkələrimiz arasındakı əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərəcəyini vurğulayıb.