YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Los-Ancelesdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş xeyriyyə tədbiri keçirilib

ABŞ-ın Los-Anceles şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümünə həsr olunmuş geniş xeyriyyə aksiyası keçirilib.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan bildiriblər ki, aksiyada Los-Ancelesdə yaşayan kimsəsiz və evsiz-eşiksiz şəhər sakinləri üçün süfrə açılıb, isti yeməklər paylanıb.

Ölkəmizin Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü və dəstəyilə keçirilən tədbir ABŞ-ın ən böyük xeyriyyə təşkilatlarından olan “Los-Anceles missiyası”nda təşkil olunub. Aksiya zamanı Azərbaycanın Los-Ancelesdəki baş konsulu, Los-Anceles Konsulluq Korpusunun sədri Nəsimi Ağayev və baş konsulluğun əməkdaşları “Los-Anceles missiyası”nın könüllülərinə qoşularaq, kimsəsiz və evsiz-eşiksizlərə yeməklərin paylanmasında iştirak ediblər.

Tədbirdən əvvəl baş konsul N.Ağayev “Los-Anceles missiyası”nın rəhbərliyi ilə görüşüb. Görüş zamanı təşkilat rəhbərliyi bu xeyriyyə aksiyasına evsahibliyi etməsindən məmnunluq ifadə edib və bu aksiyanın nümunəvi humanist təşəbbüs kimi rəğbətlə qarşılandığı bildirilib.

Baş konsul N.Ağayev ümummilli lider Heydər Əliyevin ölkəmiz üçün əvəzsiz xidmətlərindən danışıb, onun Azərbaycan xalqına dünya birliyində özünəlayiq yer tutan, qüdrətli və mütərəqqi bir dövləti əmanət qoyub getdiyini bildirib.

Baş konsulluğun dəvətilə xeyriyyə tədbirinə qatılan Los-Ancelesin xristian dini icmasının nüfuzlu xadimlərindən olan, ABŞ-ın Milli Latino Yevangelist Koalisiyasının vitse-prezidenti Valter Kontreras, Heydər Əliyevin öz xalqına fədakarcasına xidmət edən, dini tolerantlıq və multikulturalizm dəyərlərinin təşviqinə böyük önəm verən və humanizm prinsiplərini daim yüksək tutan görkəmli dövlət xadimi olduğunu qeyd edib.

Aksiya çərçivəsində gün ərzində Los-Ancelesin 1000-dək kimsəsiz və evsiz-eşiksiz sakinlərinə yeməklər paylanılıb. Qeyd olunmalıdır ki, 50 mindən çox kimsəsiz və evsiz-eşiksiz insanın yaşadığı Los-Anceles ABŞ-da bu göstəriciyə görə Nyu-Yorkdan sonra ikinci yeri tutur və bu problem şəhərin üzləşdiyi ən ciddi problemlərdəndir.