Xəbərlər
Sahibə Qafarova: Ulu öndərimiz Heydər Əliyevin adı bu gün sözün həqiqi mənasında Azərbaycan dövlətinin rəmzi kimi səslənir
"Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Ulu öndər Heydər Əliyevin adı xalqımızın yaddaşına əbədi həkk olunub. Bu dahi şəxsiyyət Azərbaycan xalqının yaddaşında dövlətimizin ən ağır günlərində tarixi missiyanı öz üzərinə götürərək xalqımızı uçurumdan qoruyan xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımız bu böyük şəxsiyyətin əziz xatirəsini həmişə dərin hörmət və ehtiramla yad edir". Bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova bildirib. Onun sözlərinə görə, Ulu öndər Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin və iki minilliyin qovuşuğundakı Azərbaycan öz milli-mənəvi dəyərlərini qoruyaraq, üçüncü minilliyə inamla qədəm qoyub. Ümummilli lider Heydər Əliyev qarşıya çıxan bütün çətinliklərə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb və burulğanlı proseslərin içərisindən uğurla çıxararaq müstəqil respublikamıza həm bölgədə, həm də dünyada layiqli yer və böyük nüfuz qazandırıb: "Bütün ömrünü Azərbaycan xalqının firəvan həyatına, dövlətimizin möhkəmlənməsinə həsr edən Ulu öndər Heydər Əliyev öz əməli, atdığı addımları, fəaliyyəti, tariximiz və dövlətçiliyimiz qarşısındakı titanik xidmətləri ilə əsil dövlət xadimi, dahi şəxsiyyət, vətənini, xalqını sevən əsil vətəndaş olduğunu sübuta yetirmişdir. Xalqımızın ən çətin günlərində, tariximizin ən mürəkkəb dövrlərində məhz Ulu öndər Heydər Əliyev məsuliyyəti öz üzərinə götürərək süqutun astanasında olan bir dövləti yenidən inkişaf yollarına çıxarmış, çox çətin bir situasiyada təhvil aldığı estafeti parlaq, işıqlı günlərdə təhvil vermişdir. Dahi lider millətini bütün bəlalardan hifz edib qorumuş, respublikada ictimai-siyasi sabitliyi təmin etmiş, vətəndaş qarşıdurmasını aradan qaldırmış, ölkənin parçalanmasının qarşısını almaqla milli qurtuluşu təmin etmişdir".
Milli Məclisin deputatının fikrincə, Ümummilli liderimiz Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmiş, Azərbaycan dövlətinin, Azərbaycan xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mümkün ola bilən hər bir işi görmüşdür: "Ulu öndərimizin rəhbərliyi ilə ölkəmiz demokratik, hüquqi dövlət quruculuğu yolu ilə qətiyyətlə irəliləmiş, xalqın birliyi yaranmışdır. Ümummilli liderin müəllifi olduğu azərbaycançılıq ideologiyası xalqın, millətin birliyinin təmin olunmasında möhkəm bünövrə olmuş, dünya azərbaycanlıları vahid amal uğrunda təşkilatlanmış, möhkəm həmrəylik nümayiş etdirmişdir. Ulu öndərimiz Heydər Əliyevin adı bu gün sözün həqiqi mənasında Azərbaycan dövlətinin rəmzi kimi səslənir. Bugünkü güclü, qüdrətli Azərbaycanı o, öz əlləri ilə yaratmış, onun müstəqilliyini yaşatmış, inkişaf etdirmiş, bütün dünyaya tanıtmışdır. Ümummilli liderimiz ölkəmizin siyasi,
sosial-iqtisadi inkişaf konsepsiyalarını işləyib hazırlamış, dönmədən həyata keçirilməsini təmin etmişdir".
Sahibə Qafarova deyib ki, bu gün xalqımız Ümummilli liderimizlə, zamanın fövqündə dayanan Heydər Əliyev kimi dahi insanla daim öyünür, fəxr edir, qürür duyur, əməlləri ilə Onun ideyalarını həyata keçirməyə çalışır: "Bu gün bizi sevindirən ən əsas cəhətlərdən biri də odur ki, Ulu öndərimizin ölməz ideyaları Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir, milli maraqlarımızın qorunmasında, əhalinin rifah halının yaxşılaşdırılmasında qəti və prinsipial mövqe nümayiş etdirilir".
Komitə sədrinin müavini əminliklə vurğulayıb ki, bu gün Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, stabil və inamlı inkişafı Heydər Əliyev ideyaları və bu ideyaların uğurla və dönmədən həyata keçirilməsi ilə birbaşa bağlıdır. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi ötən 15 il Azərbaycan tarixinə sabitlik və hərtərəfli inkişaf dövrü kimi daxil olub. "Şübhə yoxdur ki, qarşımızdakı illərdə Heydər Əliyev yolu, Heydər Əliyev siyasəti Azərbaycanı daha böyük zirvələrə qaldıracaq, müstəqil respublikamız daha böyük zəfərlərə imza atacaq", - deyə Sahibə Qafarova qeyd edib.