Xəbərlər
YAP Gəncə şəhər təşkilatında Ulu öndərin xatirəsi anılıb
Ölkəmizdə görkəmli şəxsiyyət, dahi lider Heydər Əliyevin anım günü böyük izdihamla qeyd olunur. Dekabrın 11-də YAP Gəncə şəhər təşkilatında keçirilən elmi-nəzəri konfrans da Ulu Öndərin əziz xatirəsinə həsr olunub.
Tədbir Ulu Öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Azərbaycan dövlətçilik tarixində müstəsna və əvəzediməz yeri olan dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev dahi şəxsiyyətin keçdiyi şərəfli həyat yolundan, fəaliyyətindən və Vətənimiz qarşısında tarixi xidmətlərindən ətraflı bəhs edib.
Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova Gəncə şəhərində Ulu öndərin ruhuna hörmət və ehtiram əlaməti olaraq silsilə tədbirlərin keçirildiyini qeyd edib. Bildirib ki, Azərbaycan xalqının Ümummilli liderə bəslədiyi məhəbbət sonsuzdur. Vətənini və xalqını düşünən Heydər Əliyev Azərbaycanın ən çətin anlarında üzərinə düşmüş xilaskarlıq missiyasını ləyaqətlə yerinə yetirib, bu yolda heyrətamiz fədakarlıqlar göstərib, xalqı bir çox müdhiş bəlalardan hifz edib.
AMEA Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev, GDU-nun prorektoru, millət vəkili Pərvin Kərimzadə, ADAU-nun rektoru İdrahim Cəfərov, Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev, şəhər Ağsaqqallar Şurasının sədri, ADAU-nun professoru Xalid Qurbanov, gənc partiya fəallarından Ayişə Novruzova ümummilli lider Heydər Əliyevin cəmiyyətin həyatına nüfuz edən müdrik, praqmatik siyasətindən, ümumdünya diplomatiyası qarşısındakı misilsiz xidmətlərindən danışdılar. Bildirilib ki, bütün varlığı ilə Vətəni Azərbaycana, xalqına bağlı olan Heydər Əliyev müdrik dövlət xadimi kimi uzun illər boyu Azərbaycan xalqına yol göstərəcək, fayda verəcək qiymətli irsi bizlərə miras qoyub
GDU-nun prorektoru Gülsüm Fətəliyeva və sahibkar Mobil İmanov ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb, dahi şəxsiyyətin çoxsahəli fəaliyyətinin ən önəmli məqamlarına toxunublar.
Elmi-nəzəri konfrans gənclərin ifasında Ulu Öndərə həsr olunmuş şeirlərlə başa çatıb.