Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev Ağdaş Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Ağdaş Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak etmişdir.
Son illər Azərbaycanın bütün bölgələri sürətli inkişaf dövrünü yaşayır. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rayonların iqtisadiyyatı daha da möhkəmlənir, əhalinin yaşayış səviyyəsi yaxşılaşır. Həmçinin bölgələrdə geniş abadlıq-quruculuq işləri aparılır. Prezident İlham Əliyevin sərəncam və göstərişləri ilə regionlarda həyata keçirilən quruculuq işləri ilk növbədə həmin bölgələrin inkişaf strategiyasına uyğun aparılır. Tikilən binalar bölgələrin simasına xüsusi yaraşıq verir, həm də müasirləşən rayonların memarlıq quruluşuna əlavə çalarlar qatır. İndi bütün rayonlarda davam edən abadlıq-quruculuq işləri ölkəmizin kompleks inkişafını təmin edir. Bu sırada son illərdə Ağdaş rayonunda görülən işlər də diqqəti cəlb edir. Rayonun sosial-iqtisadi inkişafı çərçivəsində görülən tədbirlər sırasında icra hakimiyyəti üçün yeni tikilən binada yaradılan şərait bir məqamı təsdiqləyir ki, ölkədə dövlət idarəçiliyi sistemi işinin stimullaşdırılması diqqət mərkəzində saxlanılır. Dörd mərtəbədən ibarət bina bütün lazımi avadanlıq və sistemlərlə təchiz edilmişdir. Binadakı otaqların hamısı müasir tələblər səviyyəsində qurulmuşdur. Burada, həmçinin iclas, konfrans zalları, arxiv, rabitə və xüsusi rabitə otaqları, yeməkxana, qaraj yaradılmışdır.
Dövlətimizin başçısına məlumat verildi ki, binanın inşasına 2012-ci ilin avqustunda başlanılmış və bu ilin aprelində başa çatdırılmışdır. Tikinti işləri ən yüksək səviyyədə aparılmışdır. Binanın interyeri zövqlə tərtib olunmuşdur. Foyedə ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur. Burada, həmçinin ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizin tərəqqisində fəaliyyətini əks etdirən fotoguşələr yaradılmışdır. Fotoguşələrdə Ümummilli Liderin və Prezident İlham Əliyevin Ağdaş rayonunda müxtəlif illərdə keçirilən tədbirlərdə iştiraklarını əks etdirən şəkillər vardır.
Azərbaycan Prezidenti otaqlarda yaradılan şəraitlə tanış oldu. Otaqların hamısı müasir tələblər səviyyəsində qurulmuşdur. Burada, həmçinin müasir idarəetmə metodlarından istifadə etmək üçün bütün texniki şərait yaradılmışdır. Bu da icra strukturunun işinin daha mükəmməl qurulmasına kömək edəcəkdir. İnzibati binada sakinlərlə və yerli icra nümayəndələri ilə videokonfrans təşkil etmək üçün zal vardır. Bütün bunlar icra hakimiyyətinin əməkdaşlarının səmərəli fəaliyyət göstərməsi və sakinlərin rahatlığının təmin olunması məqsədi ilə yaradılmışdır.
Konfrans zalı da ən son texnologiyalar əsasında qurulmuşdur. Müasir standartlara cavab verən texnologiyalar əsasında qurulmuş 100 yerlik akt zalında rayon və respublika əhəmiyyətli tədbirlər keçiriləcəkdir. Yeni binada, həmçinin operativ idarəetmə mərkəzi də yaradılmışdır. Sakinlər binaya gəlmədən kənd və qəsəbə icra nümayəndəliklərinə müraciət edərək onları narahat edən problemlərlə əlaqədar rayon icra hakimiyyətinin başçısı və digər məsul şəxslərlə birbaşa videoəlaqə yarada biləcəklər. Artıq rayonun bəzi icra nümayəndəlikləri şəbəkəyə qoşulmuşdur.
Binanın yerləşdiyi ərazidə geniş yaşıllaşdırma işləri görülmüş, müasir işıqlandırma sistemi qurulmuşdur.
Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirdi, əhaliyə yüksək xidmət göstərilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verdi.