YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Bakutel-2018" XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisi açılıb

Dekabrın 4-də "Baku Ekspo Mərkəzi"ndə "Bakutel-2018" XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisi açılıb.

Sərginin açılış mərasimində nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə "Bakutel" sərgisinin yeni texnologiyaların təqdim edilməsi, IT sahəsində əlaqələrin qurulması və digər yeni imkanların açılması üçün əlverişli şərait yaratdığını bildirib. Nazir qeyd edib ki, son zamanlar yeni texnologiyaların tətbiqi ilə bağlı işlər görülür, Azərbaycan poçtu tranzit poçt kimi fəaliyyət göstərir, Çindən gələn yüklər Azərbaycan poçtu vasitəsilə digər ölkələrə göndərilir.

Gənclərin innovasiya və yüksək texnologiyalara marağından danışan nazir bildirib ki, regionlarda da gənclərin startaplara cəlb edilməsi üçün "ideyadan biznesə" layihələri keçirilir.

“Caspian Event Organisers” şirkətinin direktoru Edvard Stroun bildirib ki, "Bakutel-2018" sərgisində dünyanın 20 ölkəsindən 230 şirkət və 10 milli pavilyon iştirak edir. Sərginin debütantları isə iştirakçıların ümumi sayının 30 faizini təşkil edir. Debütantlar arasında “Silk Way Biznes Aviasiya”, Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA), “Sistematiks” (Rusiya), “Suntech” (Polşa), “Azmonbat” (Azərbaycan), “BMS Global” (Azərbaycan), “Hostimul” (Azərbaycan), “IPG IRE-Polus” (Rusiya), “Xerrow Technologies” (BƏƏ) və digərləri yer alır.

Qeyd edək ki, dekabrın 7-də başa çatacaq Bakutel-2018” sərgisi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU), Regional Rabitə Birliyi (RRB), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı “Caspian Event Organisers” (“CEO”) şirkətidir. Baş sponsor isə iyirmi ildən artıq tədbirin əsas iştirakçılarından olan “Azercell” şirkətidir.

Ənənəvi olaraq, sərgini beynəlxalq mütəxəssislər, İKT qurumların rəhbərləri ziyarət edirlər. Bu il sərginin fəxri qonaqları arasında Rusiya, Türkiyə, Belarus, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, İran, Özbəkistan, Latviya, Bolqarıstanın İKT sahəsi üzrə nazirləri və yüksək rütbəli nümayəndələri yer alıb.