Xəbərlər
Prezident İlham Əliyev CISCO şirkətinin nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 3-də CISCO şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrixin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı CISCO şirkətinin uzun illər Azərbaycan hökuməti ilə uğurlu əməkdaşlıq həyata keçirməsindən məmnunluğunu bildirdi. Prezident İlham Əliyev CISCO şirkətinin Azərbaycanda müxtəlif sahələrdə, o cümlədən nəqliyyat sahəsində həyata keçirdiyi layihələrə toxunaraq bu sahənin ölkəmizdə prioritet istiqamətlərdən biri olduğunu vurğuladı. Dövlətimizin başçısı regional əməkdaşlıq üçün yeni infrastrukturun yaradıldığını nəzərə alaraq, digər sahələrdə də əməkdaşlıq üçün yaxşı imkanların olduğunu dedi.
CISCO şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrix Azərbaycan Prezidenti ilə əvvəlki görüşünü məmnunluqla xatırlayaraq şirkətin ölkəmizlə uğurlu əməkdaşlıq həyata keçirdiyini bildirdi. Ölkəmizə səfərindən xoş hisslər keçirdiyini deyən qonaq səfərinin məqsədinin əməkdaşlığın perspektivlərini müzakirə etməkdən ibarət olduğunu dedi və bu əməkdaşlığın “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasına uyğun şəkildə həyata keçirilməsinin əhəmiyyətini qeyd etdi.
Görüşdə XXIV “Bakutel” Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisinin əhəmiyyətinə toxunularaq bu tədbirin beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi işinə töhfə verdiyi qeyd olundu.