Xəbərlər
Bakıda Azərbaycan-Avstriya turizm forumu keçirilib
Noyabrın 29-da Bakıda Avstriya Federal İqtisadiyyat Palatasının təşkilatçılığı və Dövlət Turizm Agentliyinin dəstəyi ilə Azərbaycan-Avstriya turizm forumu keçirilib.
Dövlət Turizm Agentliyindən bildirilib ki, forumda Azərbaycanda turizmin inkişafına dair məlumatlandırma sessiyasından sonra Avstriyanın turizm sahəsində ixtisaslaşmış və müxtəlif xidmətlər təklif edən şirkətlərinin qısa təqdimatı olub.
Tədbirdə Azərbaycan tərəfindən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, Azərbaycan Turizm və Menecment Universiteti, İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi və “Şahdağ” Turizm Mərkəzinin nümayəndələri təmsil olunub.
Avstriya tərəfindən isə konqres menecmenti, mehmanxana menecmenti, rekreasiya menecmenti, turizm menecmenti, innovativ məhsullar, standartlaşdırma və keyfiyyət menecmenti, turizm sahəsində ixtisasartırma, turizmdə insan resurslarının inkişafı, dağ-xizək kurortları, turizm nəqliyyatı layihələrinin planlaşdırılması sahəsində təhsil və təlim imkanları təklif edən, süni qar yaradan sistemlər, böyük qış idmanı qurğularında dəyişikliklərin olması, bərpası və ya yenilərinin quraşdırılması ilə bağlı xizəksürmə layihələri və xizək avadanlıqlarının icarəsi sahəsində ixtisaslaşan 10 şirkət iştirak edib.
Forum çərçivəsində Azərbaycan ilə Avstriya şirkətləri və təşkilatları arasında fərdi ikitərəfli görüşlər keçirilib, əməkdaşlıq imkanları müzakirə olunub.