Xəbərlər
Prezident İlham Əliyev: Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası sürətlənib
Prezident İlham Əliyev Azərbaycan müəllimlərinin XV qurultayının iştirakçılarına təbrik məktubu ünvanlayıb.
Məktubu Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.
Məktubda deyilir: "Hörmətli qurultay iştirakçıları, əziz müəllimlər və təhsil işçiləri. Sizi - Azərbaycan müəllimlərinin XV qurultayının iştirakçılarını səmimi salamlayır, ölkəmizin bütün təhsil işçilərinə ən xoş arzularımı bildirir, hər birinizə çətin, şərəfli fəaliyyətinizdə yeni nailiyyətlər arzu edirəm.
Müəllimlərin bu ali məclisinin Azərbaycan Xalq Cümhuriyyətinin əlamətdar 100 illik yubileyi ilə bir vaxta təsadüf etməsinin rəmzi mənası var. Ölkəmizdə anadilli təhsil sistemində təhsil quruculuğunun təməli məhz Xalq Cümhuriyyəti dövründə qoyulub. Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan bu gün dinamik inkişaf tempinə malik dövlətlərdəndir. İqtisadiyyatımızın tərəqqisi ölkəmizdə təhsilin inkişafına da müsbət təsirini göstərib. Sosial siyasətimizin əsas prioritetlərindən biri ölkəmizdə zamanın çağırışlarına cavab verən və beynəlxalq standartlara uyğun milli təhsil sisteminin qurulmasıdır. Bilik iqtisadiyyatına keçid və ölkənin modernləşməsi üçün həlledici amil kimi insan kapitalının inkişafını təmin edəcək "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın icrasına başlanılmasından beş il keçir. Bu müddətdə ölkəmizdə müasir təhsil quruculuğu istiqamətində uğurlu addımlar atılıb. Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası sürətlənib".
Qeyd olunub ki, ümumi təhsildə yeni proqramların tətbiqi başa çatdırılıb, tədrisdə müasir texnologiya və innovasiyaların istifadəsi genişlənib, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" müvəffəqiyyətlə başa çatıb və bu günlərdə yeni - "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" qəbul olunub:
"Müəllim əməyinin stimullaşdırılması tədbirləri nəticəsində cəmiyyətimizdə müəllimin nüfuzu yüksəlib, istedadlı gənclərin müəllimlik peşəsinə marağı əhəmiyyətli dərəcədə artıb. Qazanılan uğurlar dövlətin təhsil siyasətinin davamlı inkişafına diqqət və qayğısının təzahürü, eyni zamanda Azərbaycan müəlliminin fədakar əməyinin bəhrəsidir. Ali məclisinizin təhsil sahəsində ötən dövr ərzindəki fəaliyyəti lazımınca dəyərləndirərək gələcək strateji hədəfləri düzgün müəyyənləşdirəcəyinə və ölkənin intellektual potensialının təhsilin inkişafı məqsədi ətrafında səfərbər edəcəyinə əminəm.
İnanıram ki, müəllimlərimiz bundan sonra da vəzifələrinin öhdəsindən layiqincə gələcək, təhsilin bütün pillələrində keyfiyyətin yüksəldilməsi, ölkədə müasir təhsil sisteminin qurulması və insan kapitalının formalaşmasına töhfələr verəcək, gənc nəsli vətənpərvərlik, milli-mədəni irsə bağlı və azərbaycançılıq məfkurəsi uğrunda yetişdirəcək, yüksək peşəkarlığa və səriştəliyə malik, rəqabətədavamlı mütəxəssislər hazırlanması üçün əzmlə çalışacaqlar".